Komitə sədri QHT sədri ilə görüşüb


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dövlət qeydiyyatından yeni keçmiş Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Aynur Aydınqızı (İbrahimova) ilə görüşüb.

Görüş zamanı Aynur Aydınqızı rəhbərlik etdiyi təşkilatın dövlət qeydiyyatından keçdikdən sonrakı ilk rəsmi görüşünün məhz komitə sədri ilə keçirildiyini diqqətə çatdıraraq, belə görüşlərin, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi imkanının onun üçün xüsusi önəm daşıdığını bildirib. O, qeyri-maddi mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi yönündə nəzərdə tutulan layihələr, eləcə də təşkilatın qarşıdakı fəaliyyət prioritetləri barədə ətraflı məlumat verib.

Söhbət zamanı vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlıq mühitinin mövcud durumu, əldə olunan uğurlar və perspektivlər müzakirə olunub, bu istiqamətdə birgə fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, mədəni irsin qorunması sahəsində ictimai təşəbbüslərin qanunvericilik bazası və institusional dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Aynur Aydınqızı müəllifi olduğu kitabı və təşkilatın plaketini komitə sədrinə təqdim edib. Komitə sədri də öz növbəsində keçən il çıxmış üçcildliyi təşkilat sədrinə hədiyyə edib.

Gələcəkdə əməkdaşlığın daha sistemli xarakter alması yönündə qarşılıqlı niyyətlər ifadə olunub.


MANŞET XƏBƏRLƏRİ