2026-cı ilin yanvar-fevral aylarında Perm Beynəlxalq Hava Limanında (Bolşoye Savino) Azərbaycan və Özbəkistandan gətirilən şəxsi ərzaq məhsullarının idxalına qarşı sərt tədbirlər görüldü.
Turkustan.az xəbər verir ki, Rusiya Federal Baytarlıq və Bitki Nəzarəti Xidmətindən (Rosselxoznadzor) verilən məlumata görə, sərnişinlər 7,4 kq ət və 20 kq süd məhsulu (qurut və kərə yağı da daxil olmaqla) ölkəyə gətirməyə çalışıblar. Məhsulların fabrik qablaşdırması və etiketləməsi olmadığı üçün keyfiyyətinə nəzarət mümkün olmayıb.
Hadisənin diqqət çəkən tərəfi odur ki, gətirilən ərzaqlar şəxsi istifadə üçün idi, yəni böyük kommersiya məqsədi yox idi. Buna baxmayaraq məhsulları müsadirə Rusiya tərəfi sərnişinlərə ciddi xəbərdarlıq edib. Mütəxəssislər hesab edirlər ki, bu addım Azərbaycan və Özbəkistan əsilli vətəndaşlara qarşı qərəzli yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər.
Xüsusilə, 9 fevralda təxminən 4 kq süd məhsulu Özbəkistan vətəndaşından götürülüb. “Rosselxoznadzor” bildirir ki, məhsullar insan və heyvan sağlamlığı üçün təhlükə yarada bilərdi, amma analitiklər qeyd edir ki, bu cür sərt tədbirlər tez-tez yalnız xarici ölkə vətəndaşlarına qarşı tətbiq olunur, yerli sərnişinlər isə daha yumşaq nəzarət altında saxlanılır.
Bəzi ekspertlər vurğulayır ki, bu qadağa şəxsi ərzaq idxalına da şamil olunması ilə siyasi mesaj kimi qəbul oluna bilər. Azərbaycan və Özbəkistan vətəndaşları üçün Rusiya limanlarında belə sərt tədbirlər həddən artıq narahatlıq yaradıb və iki ölkə arasında ticarət və humanitar əlaqələrə mənfi təsir göstərə bilər. /bakupost.az/