Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq havalar mülayimləşir, hələ yaxında olmasa da, baharın gəlişi duyulmaqdadır. Amma bu həftə neft bazarlarında qiymətin artımı və azalmasının havaya elə bir aidiyyatı yox idi. Çünki burada qiymətə təsir edən başlıca amil yenə də siyasi ab-hava idi.
Qlobal bazarlar
Həftənin ilk hərracı London Əmtəə Birjasında Brent markalı neftin 1 barelinin qiyməti 67,25 dollarla açıldı və elə həmin gün də 69 dollar səviyyəsini aşa bildi. Sonrakı günlər də qiymət artıma meylli idi və fevralın 11-də neftin ən bahalı partiyası 70,72 dollara satıldı.
Neft qiymətlərini üzü yuxarı getməyə vadar edən isə ABŞ-İran münasibətlərinin gərginliyi idi. Bazar iştirakçıları İran tərəfdən gələn emosional bəyanatların və hərbi qarşıdurmanın olacağı təqdirdə Hörmüz boğazının tankerlər üçün bağlanması təqdirində riskləri müəyyənləşdirməyə çalışırdılar. Amma həftənin sonuncu hərracında neft 67,38 qiyməti ilə bağlandı – yəni həftə əvvəlki səviyyəsinə qayıtdı. Buna səbəb isə ABŞ prezidenti ilə İsrail Baş nazirinin görüşündən sonra Donald Trampın İranla danışıqları davam etdirmək istəyini dilə gətirməsi oldu. Bazar bir qədər rahatlansa da, vəziyyətin hər an dəyişəcəyini də diqqətdə saxlamaqda davam edir.
ABŞ-Azərbaycan sövdələşməsi
Beləliklə, bu həftə regionda dəyişikliklərə yol açacaq bir hadisənin şahidi olduq. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfər etdi. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru əlaqələrinin yaradılması yönümündə daha bir addım atıldı – Tramp yolu bizləri Zəngəzura da aparacaq, Naxçıvana da, hələ qardaş Türkiyə ilə də birləşdirəcək. Özü də bu yol həm də yeni enerji dəhlizinə çevriləcək.
Strateji Tərəfdaşlıq Xartiyası
Bu baxımdan 10 fevral tariixndə Bakıda Azərbaycan və ABŞ hökumətləri arasında dövlət başçımız İlham Əliyevin və ABŞ vitse-prezidenti Cey Di Vensin imzaladıqları Strateji Tərəfdaşlıq Xartiyası bizim bir xeyli arzularımızın gerçəkləşməsi yönümündə atılan ciddi bir addımdır. Amma bunun üçün daha çox işləmək lazım olacaq, çünki həmin sənəd “hazır maliyyə paketi” deyil. Bu, konkret layihə və sazişlərin formalaşdırılması üçün institusional “platforma” yaradan çərçivə sənədidir: işçi qruplar, layihələrin siyahısı və yol xəritələri imzalanmadan sonra 3 ay ərzində razılaşdırılmalıdır.
İqtisadi baxımdan Xartiyanın əsas dəyəri özəl kapital üçün suveren və siyasi risklərin bir hissəsinin azaldılmasında, həmçinin infrastruktur, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt, təhlükəsizlik və ticarətin kəsişməsində yerləşən layihələr üçün “etimad dəhlizi”nin formalaşdırılmasındadır. Bu, xüsusilə Azərbaycanın struktur həssaslıqları - ixrac və fiskal bazanın yüksək dərəcədə karbohidrogenlərdən asılılığı və özəl sektorun inkişaf məhdudiyyətləri fonunda mühüm əhəmiyyət daşıyan bir sənəddir.
ABŞ-Azərbaycan enerji əməkdaşlığı
Xartiyaya neft, qaz və elektroenergetika sahələrində əməkdaşlığın genişləndirilməsi, birləşdirici infrastukrurun inkişafı və təchizat marşrutlarının şaxələndirilməsi, eləcə də mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi niyyəti daxil edilib. Burada iqtisadi “mükafat” yalnız enerji ixracı, o cümlədən “yaşıl” enerji deyil, həm də data mərkəzləri və sənaye zonaları üçün etibarlı infrastruktur bazasının yaradılmasıdır.
Xartiya - “sazişlər infrastrukturu”dur. İqtisadi imkanlar mətnin özündən deyil, Azərbaycanın bu mexanizmləri real layihələrə çevirmək qabiliyyətindən asılı olacaq.
Ona görə də, sosial şəbəkələrdə bəzi insanların “Amerika bizə pul vermədi” fikirlərini oxuyarkən, adamda elə təəsürat yaranır ki, çoxları hələ də “zəhmətsiz gəlirlər” arzusundan uzaqlaşa bilmir və “göydən düşən pul kisəsi” nağılları ilə yaşamaqda davam edirlər.
Bu baxımdan xüsusi ilə vurğulamaq istərdim ki, Xartiya özü investisiya deyil - investisiyaların “paketlənməsi” mexanizmidir. Əgər biz lazımi zaman kəsiyində cəlbedici və maliyyələşdirilə bilən layihələr ortaya çıxaracağıqsa, onda effekt real iqtisadi müstəviyə keçəcək. Əks halda sənəd elə siyasi siqnal səviyyəsində də qala bilər. Bu baxımdan Xartiya Azərbaycan üçün neftdənkənar sektorları şaxələndirmək, tranziti sistemli gəlir mənbəyinə çevrmək və rəqəmsal infrastrukturu ixrac platforması kimi istifadə etmək imkanlar açır.
Azərbaycan qazı ilə isinən NATO ölkələri
İqtisadi nəticə yalnız institusional intizam və niyyətlərin operativ şəkildə konkret sazişlərə çevrilməsi ilə mümkün ola bilər. Necə ki, vaxtı ilə “”Azəri-Çıraq-Günəşli” layihələrindən başlayıb Bakı-Tiflis-Ceyhan kimi 3 dənizin əfsanəsini gerçəkləşdirdik və daha sonra “Şahdəniz” kimi mürəkkəb geoloji quruluşa malik bir yatağı, özü də yerin 7 qat dərinliyində olan laylardan mavi yanacağı çıxarıb 3500 km-lik nəhəng bir infrastrukturu 7 ölkədən keçirməklə ərsəyə gətirdik. Yəni deməyim odur ki, o Xartiyadan irəli gələnləri və ondan daha çoxunu belə etməyə bizim qabiliyyətimiz var.
Heç “Şahdəniz” qazını çıxartmağa hazırlaşarkən təsəvvür edirdikmi ki, gün gələcək bizim yanacağın hesabına nə az, nə çox 11 NATO ölkəsi qızına biləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ vitse-prezidenti ilə mətbuata bəyanatlarla çıxışı zamanı əbəs yerə xatırlatmadı ki, “bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir”.
Həmin ölkələr bunlardır: Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Sloveniya, Şimali Makedoniya, Slovakiya və Almaniya. Ona görə də ölkəmizin indiyə qədər əldə etdiyi nailiyyətləri yetərincə qiymətləndirmək də lazımdır, qarşımızda açılan imkanlardan da faydalanmalıyıq.
“Qaz arayışı” istəyən Avropa
Elə bu yerdə diqqəti Avropa Komissiyasının Avropa İttifaqı ölkələrinə qaz ixracı ilə bağlı bir sıra cərtləşdirici mexanizmlərə əl atmasına çəkmək istərdim. Fevralın 10-da Avropa Komissiyası İttifaq ölkələrinə qaz idxalına dair qərar qəbul edib. Avropa Komissiyası Əlcəzair, Nigeriya, Norveç, Qətər, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarından qaz idxalını ilkin yoxlanış olmadan həyata keçirəcək. Digər ölkələr, o cümlədən Azərbaycan isə qazın mənbəyini təsdiq edən sənədlər təqdim etməlidir.
Bəs Aİ niyə belə bir addım atır? Aİ-nin yeni qaz idxalı reqlamentinin tənzimləməsinin əsas məqsədi Rusiya qazının üçüncü ölkələrdən Avropa bazarına daxil olmasının qarşısını almaqdır. Brüsseldə hesab edirlər ki, "təmiz qaz" təchizatçılarının siyahısında olan ölkələrin öz resurslarını Rusiya qazı ilə əvəz etmək riski minimaldır və ya texniki cəhətdən mümkün deyil.
Azərbaycanı isə o siyahıya ona görə salmayıblar ki, ölkəmizin Rusiya ilə qaz nəqli infrastrukturu, Mozdok-Hacıqabul magistral qaz kəməri var və həmçinin SOCAR-la "Gazprom" şirkəti arasında qaz mübadiləsi müqavilələsi mövcuddur. Bu baxımdan da, təchizatçılardan qazın xüsusi olaraq Azərbaycan yataqlarından çıxarıldığını təsdiqləyən hesabatlar təqdim etmələri tələb olunacaq.
Azalan qaz istehlakı
Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti 2025-ci ilin yekunlarına həsr edilmiş göstəricilərini açıqladı. Orada qazla bağlı diqqət çəkən məqam o idi ki, ötən il Azərbaycanın daxili bazarında qaz istehlakı azalıb. Bu, pisdir ya yaxşı? SOCAR-ın məlumatına görə, Azərbaycanda 2025-ci ildə qazın istehlakı 13,24 milyard kubmetr təşkil edib. Ölkədə təbii qaz istehlakı 2024-cü illə müqayisədə 3,1 % azalıb. Qaz istehlakının azalmasını SOCAR istilik-elektrik stansiyalarında mavi yanacaqdan daha az istifadə ilə izah edib. Mavi yanacağın istehlakının energetiklər tərəfindən daha az istifadəsi isə “yaşıl enerji” istehsalının artımına bağlı olub.
Energetika Nazirliyinin məlumatlarına diqqət etsək, görərik ki, ölkəmizdə ötən il "yaşıl enerji" mənbəli stansiyalardan təqribən 3,61 mlrd kVt/saat elektrik alınıb. Təbii ki, bu da qazdan istilik-elektrik stansiyalarının istifadəsinin aşağı düşməsinə gətirib çıxarıb.
Baxın, burda hökmən vacidbir bilək ki, "Azərenerji" nə qədər qaz istehlak edib və 2024-cü illə müqayisədə nə qədər ənənəvi enerji resurslarından qənaətə nail olub! Çox təəssüf ki, nə qaz satan, nə də qaz alan bu məlumatların açıqlanmasını lazım bilməyib. Baxmayaraq ki, həmin məlumat ölkəmizin imicinə uğur gətirən informasiya olardı və bununla da Avropa Komissiyasında, Avropa Parlamentində və sair Qərb qurumlarında bizim "təmiz qaz" ixracı həcmlərinə şəkk-şübhə ilə yanaşanlara tutarlı cavab vermiş olardılar.
Amma bu məlumat məxfi deyil. Ona görə də sorğu əsasında Azərbaycan Energetika Nazirliyi onu mənə açıqladı, çünki ölkəmizin enerji siyasətinə cavabdeh bir qurum kimi onun əhəmiyyətini dəyərləndirirlər.
Beləliklə, 2024-cü ildə ölkəmizin istilik-elektrik stansiyaları 4 milyard 931 milyon kubmetr qaz istifadə etmişdisə, 2025-ci ildə bu göstərici 4 milyard 595 milyon kubmetrədək azalıb.
Baxmayaraq ki, 2024-cü ildə istilik elektrik stansiyalarında 22 milyard 576 milyon kVtsaat elektrik enerjisinə qarşı ötən il 22 milyard 704 milyon kVtsaat elektrik enerjisi istehsal edilib. Yəni illik elektrik enerjisi istehsalı 128 mln kVtsaat artsa da, təbii qaz istehlakı 336 milyon kubmetr azalıb. Səbəb isə 2 faktora bağlıdır: yeni texnologiyalarla və daha səmərəli enerji istifadəsi olan “8 Noyabr” İES-in istifadəyə verilməsi və yaşıl enerji mənbələrindən elektrik istehsalının artımıdır.
Bu adi görünən statistik göstərici mühüm əhəmiyyət daşıyır. Belə ki, Dövlət Başçısı beynəlxalq tədbirlərdə də, ölkəmizə gələn mötəbər nümayəndə heyətləri ilə görüşlərdə də xüsusi ilə vurğulayır ki, Azərbaycan ənənəvi enerji ölkəsi olmaqla yanaşı yaşıl enerjinin inkişafına bu qədər önəm verir. Çünki bununla ölkənin daxili bazarında qazın istehlakı azalır, azad olan həcmlər isə qaza ehtiyacı hava-su kimi lazım olan ölkələrə yönəldilir. Qaz coğrafiyamızın genişlənməsində də bu amilin rolu var.
Dediyim məsələnin Azərbaycana daha bir xeyri isə onun kommersiya nöqteyi-nəzərindən cəbediciliyidir. Çünki yaşıl enerji hesabına qaz istehlakının azaldılması, həmin həcmlərin dənizdəki yataqlardan əldə edilməsindən xeyli ucuz başa gəlir. İqtisadi səmərə isə neft gəlirlərinin azaldığı bir şəraitdə Azərbaycan üçün çox önəmli məsələdir./Bizim.Media