Əhali dəyərli vəsaitlərini banklara əmanət edərkən onun nə qədər güvənli və etibarlı olmasına xüsusilə diqqət yetirirlər. Ölkəmizdə Mərkəzi Bankın tənzimlədiyi qaydalarla əmanətlər sığortalanır. Bununla da bankda yaranan hər hansı böhran durumunda vəsaitlərin bir qismə qədəri sığortalanmış olur.
Bu gün vacib amillərdən biri əhalinin dəyərli vəsaitlərini əmanət edərkən daha güvənli bank seçməsidir.
Bəs ölkəmizdə daha çox hansı bankalar etibarlı hesab edilir?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda bəzi sabit banklar var ki, onların lisenziyasının ləğv edilməsi və müflisləşməsi ehtimalı çox aşağıdır:
“Bunlara sistem əhəmiyyətli bank deyilir. Onlar elə banklardır ki, hətta onların vəziyyəti pisləşsə belə, sistem əhəmiyyətli olduğundan dövlət onıların bağlanmasına imkan verməyəcək. Çünki bu bank sistemi üçün təhlükədir. Biz bunu bir neçə il bundan əvvəl Beynəlxalq Bankın nümunəsində gördük.
Belə ki, həmin müflisləşmə dönəmində dövlət 5 milyarddan çox pul ayırdı və bankı müflisləşməkdən xilas etdi. İndinin özündə sistem əhəmiyyətli banklar ən böyük kapitalı, aktivləri olan banklardır. Bunlar Kapital Bank və Paşa Bankdır. Sözügedən banklara da əhali vəsaitlərini etibar edir”.