Ekspert: “Bahalaşma davam edəcək, çünki... “
Bu ilin yanvar ayında Azərbaycana 8,2 milyon dollar dəyərində 3 min 332 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər 760 ton, başqa sözlə 18,6% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 9,1 milyon dollar dəyərində 4 min 92 ton ət idxal edilmişdi. Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 2,46 dollar (təxminən 4 manat 18 qəpik) təşkil edib.
2025-ci ilin eyni dövründə isə bu rəqəm 2,22 dollar (təxminən 3 manat 77 qəpik) idi. Bu da illik müqayisədə 0,24 dollar (41 qəpik) və ya 10,8% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,63%-i ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,44% olub.
Bəs 4 manatlıq ətin keyfiyyətinə inanmaq olarmı? 40 qəpik bahalaşmanın səbəbi nədir?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, qiymətindən asılı olmayaraq, keyfiyyətsiz, yararsız, standartlara cavab verməyən və insan sağlamlığı üçün təhlükə yarada biləcək ətin ölkəyə daxil olmasına icazə yoxdur: "Yəni məhsul istər 40 manat olsun, istərsə də 40 qəpik - əgər mövcud sanitar, baytarlıq və təhlükəsizlik standartlarına uyğun deyilsə, onun idxalı qadağandır. Qanunvericiliyə əsasən ölkəyə yalnız müvafiq sertifikatlara malik, laborator yoxlamalardan keçmiş və müəyyən olunmuş normalara cavab verən ət məhsulları buraxılır. Bu baxımdan qiymət meyar deyil, əsas meyar uyğunluq və təhlükəsizlikdir. Yararsız məhsulun ölkəyə girişi qadağandır və idxal yalnız standartlara uyğunluq əsasında həyata keçirilir. İkinci mühüm məsələ isə ətin qiymətinin bahalaşmasını düzgün anlamaq üçün onun hansı növ ət olduğunu müəyyənləşdirməkdir. Statistik məlumatlarda “ət” ümumi kateqoriya kimi göstərilir. Halbuki ətin növləri var – mal əti, qoyun əti, toyuq əti və s. Hər birinin də maya dəyəri, idxal mənbəyi və bazar qiyməti fərqlidir. Açıqlanan rəqəmlər isə ümumi orta qiyməti əks etdirir. Əgər konkret olaraq ötən ilin yanvar ayında hansı növ ətin nə qədər həcmdə idxal edildiyi ayrıca göstərilsəydi, vəziyyəti daha dəqiq və aydın təhlil etmək mümkün olardı. Mövcud qeydlər isə qarışıq xarakter daşıyır və ölkəyə daxil olan müxtəlif növ ətlərin orta qiyməti hesablanaraq təqdim olunur. Bu isə qiymət artımının səbəblərini detallı şəkildə qiymətləndirməyə müəyyən çətinlik yaradır".

Ümumi bahalaşmaya gəldikdə isə iqtisadçının fikrincə, bunun əsas səbəblərindən biri Azərbaycanın ət idxal etdiyi ölkələrdə də inflyasiyanın mövcud olmasıdır: "Həmin ölkələrdə istehsal xərcləri artırsa, bu, avtomatik olaraq ixrac qiymətlərinə təsir edir. Əgər həmin ölkələrdə ət bahalaşırsa, təbii olaraq Azərbaycana gətirilən məhsul da daha yüksək qiymətə başa gəlir. Digər tərəfdən, daxili bazarda ətin qiyməti yüksəldikcə daha baha məhsulun idxalı iqtisadi baxımdan məntiqli görünür. Çünki sahibkar idxal etdiyi məhsulu sonradan mənfəətlə satmağı planlaşdırır. Daxili bazarda qiymətlər yüksək olduqda idxal da arta bilir, çünki satışdan qazanc əldə etmək imkanı genişlənir".
Xalid Kərimli daxili bazarda ətin bahalaşmasına isə bu cür aydınlıq gətirib: "Daxili bazarda ətin bahalaşmasının çoxsaylı səbəbləri var. Tez-tez sual olunur ki, əgər ət gömrükdən 4-5 manata daxil olursa, niyə mağazalarda daha baha qiymətə satılır? Burada bir daha vurğulamaq lazımdır ki, ilk növbədə ətin növünə diqqət yetirilməlidir. Bundan əlavə, əsas məsələ gömrükdə tonla keçən məhsul üzrə formalaşan ilkin qiymətdir. Həmin qiymət son satış qiyməti deyil. Daha sonra vergilər əlavə olunur, logistika xərcləri hesablanır, saxlanma və daşınma xərcləri ortaya çıxır, mağazaların ticarət marjası əlavə edilir. Bununla yanaşı, satış prosesində müəyyən itkilər də olur. Bütün məhsulu tam həcmdə və istənilən qiymətə realizasiya etmək mümkün olmur. Yəni sahibkar həm xərcləri, həm itkiləri, həm də qazanc normasını nəzərə alaraq qiymət formalaşdırır. Təbii ki, sahibkar qazanc əldə etməsə, idxalla məşğul olmayacaq".
İqtisadçı sonda vurğulayıb ki, ətin bahalaşması prosesinin yaxın zamanda yekunlaşacağı gözlənilmir: "Çünki yerli istehsalın təklifi artmır, əhalinin tələbatı isə ciddi şəkildə azalmır. Eyni zamanda, ət idxal etdiyimiz ölkələrdə də bizim ölkədə olduğu kimi inflyasiya davam edir. Bu amillər birləşərək qiymətlərin artımını stimullaşdırır. Mövcud iqtisadi şərtlər dəyişmədikcə, ət bazarında bahalaşma meylinin davam edəcəyi ehtimalı yüksək olaraq qalır".