İrana hücum başlayır, ordu hazır vəziyyətə gətirildi – Hədəf onlardır…


ABŞ hərbçiləri İrana qarşı genişmiqyaslı hərbi əməliyyata hazır vəziyyətə gətirilib.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika Birləşmiş Ştatları rəhbərliyi diplomatik danışıqlar nəticə vermədiyi halda hərbi ssenarini nəzərdən keçirəcək. Variantlar arasında yüksək vəzifəli İran rəsmilərinə və hərbi komandirlərə qarşı dəqiq zərbələrin endirilməsi də müzakirə olunur. Mənbələr bildirir ki, müvafiq qərar veriləcəyi təqdirdə İran rəhbərliyində dəyişiklik ehtimalı da istisna edilmir.

Agentliyin həmsöhbətləri potensial hədəflərin kimliyini açıqlamayıb. Bildirilir ki, Vaşinqton yalnız diplomatik yollar tam tükəndikdən sonra hərbi addımlara keçə bilər.

Norveçin “Fremover” qəzeti isə yazır ki, regionda gərginliyin artması fonunda ABŞ planlaşdırılmış bəzi aviasiya qüvvələrini, o cümlədən “F-35” qırıcılarını NATO-nun Norveçdə keçirilən “Cold Response” hərbi təlimlərindən geri çəkir. Norveç Silahlı Qüvvələri də ABŞ kontingentinin bir hissəsinin başqa istiqamətlərə yönləndirildiyini təsdiqləyib.

ABŞ prezidenti Donald Tramp ötən həftə İranda hakimiyyət dəyişikliyinin baş verə biləcək ən yaxşı hadisə olduğunu bildirib. Fevralın 20-də isə jurnalistlərə açıqlamasında Tehranın nüvə razılaşmasına razı salınması məqsədilə “məhdud zərbə” variantının nəzərdən keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, fevralın 17-də Oman vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların ikinci raundu başa çatıb. İranın xarici işlər naziri Abbas Əraqçi tərəflərin gələcək nüvə sazişinin bir sıra əsas maddələri üzrə razılığa yaxınlaşdığını bildirib. Ağ Ev isə bəzi məsələlərdə fikir ayrılıqlarının hələ də qaldığını açıqlayıb.

Məlumata görə, Donald Tramp Tehrana razılaşmanın əldə olunması üçün 10–15 gün vaxt verib.


MANŞET XƏBƏRLƏRİ