ABŞ-ın İrana qarşı “iqtisadi təcrid əməliyyatı”na başlamasından bir neçə gün sonra Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyanla İrana qarşı “növbəti addımları” müzakirə etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, məlumatı Axios iki mənbəyə istinadən yayıb.
Mənbələrin məlumatına görə, görüş ötən həftəsonu İtaliyanın Sardiniya adasında baş tutub. Tərəflərin İran böhranı və Vaşinqtonun Tehrana qarşı artan iqtisadi təzyiq siyasəti çərçivəsində atılacaq növbəti addımları müzakirə etdiyi iddia olunur.
Görüş ABŞ Maliyyə naziri Skott Bessentin İranın qlobal maliyyə sistemindən təcrid edilməsinə yönəlmiş “Operation Economic Outcast” təşəbbüsünü elan etməsindən bir neçə gün sonra keçirilib.
Mənbələr həmçinin bildiriblər ki, Bessent sözügedən təşəbbüsü açıqlamazdan əvvəl Təhnun bin Zayedlə telefon danışığı aparıb.
Görüşlə bağlı Ağ Evdən rəsmi açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az