Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girnə sahillərində baş verən gəmi qəzasından sonra elan edilən matəm çərçivəsində 5 sentyabr şənbə gününün səhərinədək musiqi və əyləncə fəaliyyətləri qadağan edilib.
Turkustan.az xəbər verir ki, Kipr Türk Agentliyinin (TAK) Nikosiya Rayon Valisi Fadıl Keleşdən əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Girnə sahillərində baş verən gəmi qəzası ilə əlaqədar ictimaiyyətin kədərini və həssaslığını nəzərə alaraq, musiqi və əyləncə fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı göstəriş verib.
Qərara əsasən, şadlıq saraylarında keçirilən toy mərasimləri istisna olmaqla, yaşayış evləri, iş yerləri, restoranlar, kafelər, barlar, əyləncə məkanları və digər oxşar obyektlərdə musiqi yayımına icazə verilmir.
Müvafiq qurum və müəssisələrə qadağa barədə məlumatlandırma aparmaq, zəruri yoxlamalar və nəzarət tədbirləri həyata keçirmək, eləcə də qərara əməl olunmasını təmin etmək tapşırılıb
Aytən Yaşar/ Turkustan.az