Paytaxtda xaos! Kəşfiyyatçılar bir-birinə atəş açdılar


Ukraynanın paytaxtı Kiyevdə ölkənin iki əsas təhlükəsizlik və kəşfiyyat qurumu — Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) əməkdaşları arasında silahlı qarşıdurma baş verib.

Turkustan.az xəbər verir ki, hadisə nəticəsində üç HUR əməkdaşının yaralandığı bildirilir.

Hadisə sentyabrın 2-də Kiyevin Dneprovski rayonunda, Yuriya Şumskoho küçəsində baş verib. Tərəflər arasında yaranan gərginlik qısa müddətdə silahlı qarşıdurmaya çevrilib. Hadisənin görüntüləri də yayılıb.

Toqquşmadan sonra polis ərazini mühasirəyə alıb, küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

İlk atəşi kimin açdığı ilə bağlı isə tərəflərin mövqeləri bir-birindən fərqlənir. HUR-a yaxın mənbələr atəşin ilk olaraq SBU əməkdaşları tərəfindən açıldığını iddia edib. SBU isə əksinə, HUR əməkdaşlarının bir məhbusu zorla azad etməyə çalışdığını və ilk atəşin onların tərəfindən açıldığını bildirib.

SBU-nun məlumatına görə, hadisə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) planlaşdırdığı hücumla bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı baş verib. Bildirilir ki, axtarış zamanı bir qrup şəxs istintaq qrupuna silah və sursatla hücum edib. Bundan sonra hadisə yerinə SBU-nun “Alfa” xüsusi əməliyyat bölməsi cəlb olunub.

Ukrayna Prezidenti Vladimir Zelenski hadisəni “utancverici” adlandıraraq insidentin araşdırılması və məsul şəxslərin müəyyənləşdirilməsi barədə göstəriş verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ