Son vaxtlar bank kartlarına köçürmə ilə bağlı müəyyən limit tətbiq edilir.
Belə ki, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manata qədər mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur.
Ümumiyyətlə, dünyada belə bir təcrübə varmı? Son illər nağdsız ödənişlərə keçilməsi təbliğ edilsə də, mövcud vəziyyət vətəndaşların yenidən nağd ödənişdən istifadəsinə şərait yaratmırmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, aparıcı, eləcə də qonşu ölkələrdə belə məhdudiyyətlər yoxdur və bu, doğru deyil:
“Yəni bu, bir sıra şəxsi nağd ödənişlərə keçməyə vadar edir. Bizə limitlərin tətbiqinin səbəbini vergidən yayınma, dələduzluq kimi amillərlə izah edirlər. Digər ölkələrdə belə problem yoxdur ki? Əlbəttə, var. Sadəcə olaraq bunun çox sivil, asan həll yolu var ki, bu da rəqəmsal monitorinqdir.
Əslində özləri kimin kartına kimin pul köçürdüyünü görürlər. Bizdə də bunu görürlər. Fərq ondadır ki, qeyd etdiyimiz ölkələrdə hər bir şəxs ildə bir dəfə gəlir və əmlak bəyannaməsi verir. Yəni nə əldə etdiyini, haradan əldə etdiyini, nəyi var-nəyi yox, göstərir.
Buna görə də həmin ölkələrdə dövlət qurumlarında bu informasiya var. Görəndə ki, kiminsə kartına vəsait daxil olur, yaxud vəsait çıxır, ancaq onun gəlir bəyannaməsində belə bir əmlak yoxdursaə, onunla bağlı suallar yaranır və onu məsuliyyətə cəlb etmək olar”.
Ekspert Azərbaycanda bəyannamə sisteminin olmadığını xatırladıb:
“Dövlət qurumları görürlər ki, kimin kartına nə qədər pul gəlir. Ancaq ona qarşı irad bildirə bilmirlər. Soruşsalar ki, pul haradandır, həmin şəxs “babamdan qalıb” deyə, yaxud min nüminə göstərə bilər.
Çünki bəyannamə sistemi yoxdur. Ona görə yoxdur ki, məmurlar öz əmlaklarını, gəlirlərini bəyan etmək istəmirlər. Hələ 2005-ci ildə bu barədə qanun qəbul olunsa da, icra edilmir”.