Ağdam rayonunun Quzanlı qəsəbəsində mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslər üçün psixososial dəstək istiqamətində növbəti təlim keçirilib.
QHT.az xəbər verir ki, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində təşkil olunan ikinci təlim “Stress, travma və psixoloji gərginliyin idarə olunması” mövzusuna həsr edilib.
Təlimin əsas məqsədi iştirakçıların stress və travmanın insanın emosional vəziyyətinə təsiri barədə məlumatlılığını artırmaq, psixoloji gərginliyin idarə olunması və gündəlik həyatda tətbiq edilə bilən sağlam mübarizə bacarıqlarını gücləndirmək olub.
Təlim zamanı iştirakçılar stressin yaranma səbəbləri, travmatik hadisələrdən sonra müşahidə olunan emosional reaksiyalar, gərginliyin azaldılması üsulları və özünü tənzimləmə bacarıqları barədə məlumat əldə ediblər. Praktiki psixoloji məşqlər və interaktiv qrup çalışmaları iştirakçıların mövzuya daha fəal qoşulmasına imkan yaradıb.
Görüş zamanı bir daha vurğulanıb ki, travmanın təsirlərini azaltmaq üçün insanın öz hisslərini tanıması, onları ifadə etməsi və ehtiyac duyduğu zaman dəstək almağı bacarması mühüm əhəmiyyət daşıyır.
Təlim iştirakçıların fikir və təcrübələrini bölüşdüyü səmimi müzakirələrlə davam edib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.
Mina və PHS-dən zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək məqsədilə tədbirlər növbəti mərhələlərdə də davam etdiriləcək.




