“Ağ Ev Hörmüz boğazı ilə bağlı İranla günlərlə, hətta həftələrlə davam edə biləcək münaqişəyə hazırlaşır”.
Turkustan.az-ın məlumatına görə, “Axios” nəşri belə yazıb. ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını və hazırda diqqəti Hörmüz boğazındakı mübarizəyə yönəltdiklərini deyib. ABŞ rəsmiləri yeni əməliyyatın müddətinin və intensivliyinin tamamilə Tehranın növbəti addımlarından asılı olduğunu bildiriblər.
Vaşinqton hesab edir ki, hazırkı gərginlik İranın boğazdakı ticarət gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq bir və ya iki gün, hətta bir həftə və ya bir ay davam edə bilər.
Bu barədə “Axios”-a danışan ABŞ rəsmisi “Biz onları öz yerlərinə oturdacağıq ki, zarafat etmədiyimizi başa düşsünlər”,- deyə açıqlama verib. Ağ Evin son həftələrdə yüzlərlə neft tankerini boğazdan keçirməsi ilə əlaqədar gərginliyi artırmaq üçün daha çox imkana malik olduğuna inandığı qeyd edilir.
Lakin İran tərəfi də növbəti müharibəyə hazır görünür. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkəsində etdiyi paylaşımda “Qatil Trampla öz dilində danışmaq lazımdır” yazaraq ABŞ-ni hədələyib. Ona görə də ABŞ və İran arasında yaxın günlərdə genişmiqyaslı müharibənin başlanacağı istisna edilmir.
Çünki hazırda tərəflər arasında qarşılıqlı inamsızlıq mövcuddur və iyunun 18-də imzalanmış Anlaşma Memorandumu pozulub və prezident Tramp atəşkəsin bitdiyini bəyan edib. Eyni zamanda, ABŞ Prezidenti jurnalistlərə açıqlamasında sonuncu hava zərbələrindən sonra İran tərəfinin atəşkəs üçün müraciət etdiyini, lakin onlara inanmadığını deyib.
Ona görə də İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneyinin dəfnindən sonra hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir. Çünki Xameneyinin dəfni üçün İran tərəfi ilə bir həftəlik atəşkəs barədə razılaşma əldə olunub.
Atəşkəs pozulsa da, döyüşlər daha çox Fars körfəzi və Hörmüz boğazı istiqamətində gedir. Ancaq müharibə davam edərsə, İranın mərkəzi şəhərləri yenidən bombalana bilər. Bu halda İsrailin də İrana qarşı irimiqyaslı hərbi əməliyyatlara qoşulacağı gözlənilir.
Öz növbəsində İran rejimi də ABŞ-nin xaricdəki hərbi bazalarını və İsraili ballistik raketlərdən və dronlardan atəşə tuta bilər. Yəni müharibənin davam edib-etməyəcəyi barədə suala Seyid Əli Xameneyinin dəfnindən sonra aydınlıq gələcək. Hazırda baş verənlər isə daha çox atəşkəsin intensiv şəkildə pozulmasıdır.
Prezident Tramp İranı məhv edəcəyi barədə bəyanatlar versə də, müharibənin ABŞ Konresinə keçiriləcək aralıq seçkilər öncəsi yaradacağı risqlərin ciddiliyini də nəzərə alır. Hörmüz boğazının yenidən bağlanması neftin bahalaşmasına və hərbi xərclərin artmasına gətirib çıxaracaq.
“Axios” nəşri isə ABŞ rəsmilərinə istinadən qeyd edir ki, yeni bir münaqişənin neft qiymətlərinin kütləvi şəkildə artmasına səbəb olacağı ilə bağlı narahatlıqları aradan qalxıb.
ABŞ rəsmisi iddia edib ki, hazırkı gərginlik İranın parçalanmış rəhbərliyindəki radikal elementlər arasında anlaşma memorandumunun Tehrana fayda vermədiyinə dair inancdan qaynaqlanır.
Mənbə onu da bildirib ki, İranın Hörmüz boğazındakı təsiri azalıb və hazırda yüzlərlə gəmi Oman sahili yaxınlığındakı cənub marşrutundan istifadə edir. İran mediası isə vəziyyəti təhlil edərək hadisələrin üç istiqamətdə inkişaf edə biləcəyini yazır.
Birinci ssenari məhdud hərbi toqquşmaların, iqtisadi təzyiqin, dəniz qarşıdurmasının və informasiya müharibəsinin davam etdiyi, lakin heç bir tərəfin tammiqyaslı münaqişənin iştirakçısına çevrilmədiyi mövcud “nə müharibə, nə də sülh” vəziyyətinin davamıdır. Bu, hazırkı şəraitdə ən çox ehtimal olunan ssenari kimi görünür.
İkinci ssenari Hörmüz boğazında, Bab əl-Məndəbdə, Livanda və ya digər regional cəbhədə strateji səhv hesablamanı əhatə edir. Bu hadisə nəzarətsiz zəncirvari reaksiyaya səbəb ola və böhranı kəskin şəkildə pisləşdirə bilər. Belə bir halda problem artıq regional təhlükəsizliklə məhdudlaşmayacaq: qlobal iqtisadiyyat münaqişənin əsas qurbanlarından birinə çevriləcək.
Üçüncü ssenari bəlkə də siyasi cəhətdən ən çətin olanıdır. Bu, mövcud reallıqlara və İranın tələblərinə əsaslanan yeni bir anlaşmaya nail olmaqdır. Strateji reallıq budur ki, gələcəkdə əsas qarşıdurma bir neçə raket zərbəsi və ya bir neçə danışıqlar raundu ətrafında dövr etməyəcək. Əsl rəqabət Fars körfəzində yeni təhlükəsizlik qaydalarını kimin müəyyən edəcəyi ətrafında gedəcək.
Görünür, ABŞ və İsrail regional təhlükəsizlik arxitekturasını daha da beynəlmiləlləşdirmək, eyni zamanda İranın müstəqil rolunu azaltmaq niyyətindədirlər. Digər tərəfdən, Tehran milli suverenliyin təzahürü və çəkindirmə strategiyasının əsas elementi olaraq Hörmüz boğazına nəzarəti saxlamaqda qərarlıdır. /Cebheinfo.az/