Azərbaycanda dollar bahalaşacaq? - FED-in gözlənilən qərarı nə və edir?


FED-in faiz dərəcələrini yenidən artıracağı ilə bağlı gözləntilər qlobal maliyyə bazarlarında diqqətlə izlənilir. Dünyanın ən nüfuzlu mərkəzi banklarından birinin atacağı addımlar təkcə ABŞ iqtisadiyyatına deyil, həm də inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına, kapital axınlarına, valyuta məzənnələrinə və inflyasiya proseslərinə təsir göstərir.

Bu baxımdan, FED-in mümkün faiz artımı Azərbaycanın iqtisadiyyatı üçün də müəyyən risk və imkanlar yarada bilər. Bəs bu ehtimal Azərbaycan iqtisadiyyatına və inflyasiyaya hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda ABŞ-də inflyasiya gözləntiləri yüksəlməkdədir. Onun sözlərinə görə, bu tendensiya neft və benzin qiymətlərinin artması, xüsusilə Hörmüz boğazında baş verən son proseslərlə birbaşa bağlıdır:

"Federal Ehtiyat Fondu(FED) bəyan edir ki, proseslər bu cür davam edərsə, ilin sonuna qədər faiz dərəcələrini artıra bilər. Təbii ki, hələlik rəsmi artım baş verməyib, çünki bu, sadəcə olaraq gözləntilərə əsaslanan bir ehtimaldır. FED-in ümumi siyasəti belədir ki, inflyasiya yüksəldikdə faizləri artırır, aşağı düşdükdə isə yenidən endirir".

Bu qərarların Azərbaycana təsirlərinə gəlincə, ekspert bildirib ki, FED-in faiz dərəcəsi siyasətinin ölkəmizə birbaşa deyil, dolayı təsirləri mövcuddur. Belə bir vəziyyətdə qlobal bazarda dollar möhkəmlənir. Dediyinə görə. manatın məzənnəsi dollara fiksə edildiyi üçün sabit qalsa da, dollar möhkəmlənəndə manat da onunla bərabər güclənir:

"Bunu bir misalla izah etmək olar: təsəvvür edin ki, öndə sürətlə gedən bir avtomobil var və bizim manat da həmin avtomobilin arxasındakı qoşquya bərkidilib. Avtomobil, yəni dollar sürətlənəndə qoşqu da onunla bərabər sürətlənir, dayananda isə o da dayanır. Dollar avroya qarşı bahalaşanda, manat da eyni şəkildə dəyər qazanır. Yəni manat dolların hərəkət trayektoriyasına uyğun olaraq "üzür". Nəticədə dollar gücləndikcə manatın da avro, Rusiya rublu və Türk lirəsi kimi digər xarici valyutalar qarşısında dəyəri artır. Bu dəyişikliyin ölkə iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi tərəfləri var".

X.Kərimli qeyd edib ki, manatın sabit və güclü olması fonunda daxili bazarda idxal inflyasiyası aşağı düşə bilər. Dollar və manat bahalaşdığı üçün xaricdən gətirilən malların manatla ifadədə dəyəri ucuzlaşır ki, bu da müsbət amildir.

Xalid Kərimli: Daxili bazarda idxal inflyasiyası aşağı düşə bilər

Ekspert deyib ki, lakin digər tərəfdən, manatın bahalaşması qeyri-neft ixracı üçün mənfi xəbərdir. Çünki ölkəmizin qeyri-neft sektoru üzrə xaricə satdığı məhsulların qiyməti tərəfdaş ölkələrin valyutalarına nisbətdə bahalaşmış olur:

"Eyni zamanda, dolların dəyəri artdıqca qlobal bazarda neftin qiymətinə aşağı doğru təzyiq yaranır. Neftin qiyməti dollarla müəyyən olunduğu üçün tərəzinin bir gözü qalxanda digəri enir. İnflyasiya gözləntiləri səbəbindən faiz dərəcələrinin yüksəlməsi neftin ucuzlaşmasına rəvac verir”.

Müsahibimiz bildirib ki, digər bir mənfi təsir isə borclanma xərcləri ilə bağlıdır. Onun sözlərinə görə, beynəlxalq bazarlardan dollarla borclanmaq və vəsaat cəlb etmək istəyən Azərbaycan şirkətləri və bankları üçün kredit faizləri daha baha olacaq:

“Əgər əvvəllər daha ucuz şərtlərlə borclanmaq mümkün idisə, dolların faiz dərəcəsi artdıqdan sonra bu xərclər əhəmiyyətli dərəcədə yüksələcək".

İqtisadçıya görə, ümumiyyətlə, ABŞ Mərkəzi Bankının siyasəti qlobal maliyyə bazarları vasitəsilə dolayı yolla Azərbaycana öz təsirini göstərəcək; dollarla borclanmanı bahalaşdıracaq, neft qiymətlərini aşağı salacaq və manatın digər valyutalar qarşısında məzənnəsini gücləndirəcək.


MANŞET XƏBƏRLƏRİ