Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın ABŞ-ın yeni administrasiyası ilə münasibətlərinə və Ukrayna müharibəsinə dair sensasion bəyanatlarla çıxış edib.
Turkustan.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Peskov ötən gün Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında heç bir telefon danışığının baş tutmadığını bildirib. Kremldən verilən məlumata görə, Trampın dünən aşkar şəkildə məşğul olduğu üçün zəng etmədiyi qeyd olunsa da, Putinin hər zaman ünsiyyətə hazır olduğu vurğulanıb. Dmitri Peskov Rusiyaya qarşı hərbi təzyiqlərin Ukrayna münaqişəsinin nizamlanmasına kömək edəcəyi barədə mülahizələrin tamamilə səhv olduğunu və rəsmi Vaşinqtonun mövqeyində ciddi bir ikili standartın hökm sürdüyünü bəyan edib.
Kremlin sözçüsü ABŞ-ın Ukraynaya silah tədarükünü var gücü ilə davam etdirdiyini rəsmi Moskvanın çox yaxşı bildiyini və bu məsələdə heç bir "çəhrayı eynək" taxmadıqlarını diqqətə çatdırıb. Bununla belə, Rusiya tərəfi ABŞ-ın sülh prosesinə töhfə vermək istəyini səmimi hesab edir və bunu alqışlayır. Trampın Kiyevin Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirməsi ilə bağlı bəyanatlarına gəlincə, Kreml bunu eskalasiya deyil, ABŞ rəhbərliyinin yanlış təsəvvürləri kimi qiymətləndirib. Peskov xəbərdarlıq edib ki, Kiyev Rusiya ərazisini nə qədər çox vursa, sərhəddəki "bufer zonası" bir o qədər genişlənəcək və "xüsusi hərbi əməliyyat" daha da uzanacaq.
Trampın Ukrayna hava məkanının tamamilə bağlanması barədə son bəyanatlarının isə tamamilə yeni mövzu olduğunu və hələ dərindən təhlil edilməli olduğunu vurğulayan Peskov, Vaşinqtonun İran ətrafındakı vəziyyəti həll etdikdən sonra yenidən Ukrayna istiqamətinə diqqət ayıracağına ümid etdiklərini bildirib. Hazırda Rusiya İon və Yaxın Şərq regionunda, xüsusən də İran ətrafında vəziyyətin ciddi şəkildə mürəkkəbləşdiyini açıq şəkildə müşahidə edir./Musavat.com