İsrailin ifrat sağçı hökumətinin maliyyə naziri Bezalel Smotriç Türkiyə ilə bağlı açıqlamasında bildirib ki, ölkəsi hərbi müdaxilə də daxil olmaqla bütün mümkün ssenarilərə hazırdır. “Bizim üçün təhlükə olduğunu bilirik və İran rejiminə imkan vermədiyimiz kimi, Türkiyənin də İsrailin varlığını təhdid etməsinə icazə verməyəcəyik”, – deyə o, vurğulayıb.
ABŞ Türkiyəni bilərəkdən hədəfə çıxardı? Ərdoğan bu mürəkkəb vəziyyətdən hansı diplomatik-siyasi və hərbi yollarla çıxacaq? Prezident Donald Trampın Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyəcəyini və CAATSA sanksiyalarını ləğv edəcəyini açıqlaması Ankaranı Rusiyanın, Çinin və əsasən də İsrailin hədəfinə gətirmir?
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, NATO-nun Ankara Zirvəsi İttifaq münasibətlərinin tamamilə yeni bir mərhələyə keçid etdiyini göstərdi:
“Bunu NATO 3.0 adlandırırlar. Belə ki, yarandığı gündən SSRİ-nin dağılmasınadək NATO ikiqütblü dünyanın əsas tərəflərindən biri, kommunizmin yayılması əleyhinə əsas hərbi-siyasi blok idi. 1991-2025-ci illər arasında əsas hədəf İttifaqın genişlənməsi və hərbi əməkdaşlığın gücləndirilməsi idi. Ən son Finlandiya və İsveçin ittifaqa daxil olması ilə bu mərhələ tamamlandı. 2025-ci ildə isə yeni hədəflər müəyyən olundu. Bu baxımdan Ankara Sammiti yeni dövrü təcəssüm etdirir.
Yeni dövrdə ABŞ NATO-nun digər üzvlərinin hərbi qabiliyyətlərinin artırılmasını, hərbi büdcələrinin müvafiq ölkələrin ÜDM-sinin ən azı 5%-i həddinə çatdırmasını hədəfləyir. Rusiya-Ukrayna müharibəsinin bu hədəfin reallaşmasını təşviq etdiyini demək olar.
Bu istiqamətdə atılacaq ən önəmli addımlar həm də hərbi qabiliyyətin birgə istehsalla daha da artırılması, ölkələrin milli hərbi sənayesinin dəstəklənməsidir. Odur ki, indiyədək ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri yavaş-yavaş azaltmağa başlayır. İlk növbədə qeyd etmək lazımdır ki, Tramp Sammit çərçivəsində F-110 təyyarə motorunun Türkiyəyə satışına dair qadağanı götürdüyünü bəyan etdi. Bu, Türkiyənin yeni, 5-ci nəsil qırıcılar olaraq milli KAAN təyyarələrini təkmilləşdirməsinə imkan verəcək mühüm addımdır. Lakin F-35-lərin satışına dair qadağa hələ götürülməyib. Tramp bu məsələyə də baxılacağını, başqa sözlə Türkiyəyə qarşı CAATSA sanksiyalarının aradan qaldırılmasını Konqresin müzakirəsinə çıxaracağını bildirdi. Lakin burada bir sıra məqamlar var. Birincisi, Türkiyə-İsrail gərginliyi, ikincisi isə Türkiyənin regional güc faktoru olaraq münaqişələrdə göstərdiyi yaxud göstərəcəyi mövqe, Rusiya və Çinlə əməkdaşlıq çərçivələrini qəti müəyyən etməsi”.

Şəhla Cəlilzadə
Ekspert bildirib ki, vacib faktorlardan biri Türkiyə-İsrail gərginliyinin gedərək artmasıdır:
“90-cı illərdə iki ölkə hərbi-strateji tərəfdaş idilərsə, 2000-ci illərdə xüsusilə Qəzza məsələsində yaşanan gərginliklər (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “One minute” ritorikasından, Mavi Marmara hadisəsinədək), 2010-cu illərin sonunda İsrailin ərazi genişləməsi siyasətini canlandırması, paytaxtın Yerusəlimə (Qüdsə) köçürülməsi, Türkiyənin regional maraqları ilə İsrailin regional maraqlarının xüsusilə Suriyada siyasi təsir imkanları, Şərqi Aralıq dənizində enerji imkanları və s. məsələlərdə toqquşması, 2020-ci illərdə isə HƏMAS-ın İsrailə hücumu gərginliyi pik həddə çatdırdı.
Tərəflər artıq açıq şəkildə bir-biri ilə müharibə ssenarilərini müzakirə edirlər. Bu ssenarini nəzərə alan İsrail isə lobbisi ilə ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiqlərini aradan qaldırmasına mane olmağa çalışır. Başqa sözlə, Türkiyənin güclənməsi İsrail üçün gedərək ekzistensional təhdid alqısı yaradır. Vaxtilə bu, İranla bağlı idisə, indi Türkiyə ilə də bağlıdır. Odur ki, qarşıdakı 10 illikdə iki ölkə arasında hərbi toqquşma artıq real ssenari olaraq dəyərləndirilir.
Belə olan halda, NATO-nun hansı mövqe seçəcəyi, tərəflərin toqquşmasını önləyə bilib-bilməyəcəyi sual doğurur. Düzdür ki, NATO 1974-cü ildə Kipr məsələsində müdaxilə edə bilməsə də, sonrakı Türkiyə-Yunanıstan böhranlarında (1987 Egey dənizi, 1996 Kardak böhranları, 2020-lərdə Şərqi Aralıq dənizindəki böhranda) dekonfliksiya siyasəti yürütməyə çalışdı. Lakin İsrail NATO üzvü olmadığı üçün bənzər mexanizm burada işləməyə bilər. Odur ki, potensial rəqiblərin silahlanması münaqişənin aktivləşməsini sürətləndirə bilər. Türkiyənin ABŞ ilə münasibətlərində tam yaxınlaşması və sanksiyaların tam aradan qaldırılmasını yuxarıda qeyd etdiyim iki şərtə bağlı olacağı ehtimalı var”.