İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın 36-cı NATO Zirvə Toplantısı çərçivəsində Türkiyənin F-35 proqramına qayıtmasına icazə verməsindən sonra məsələ ilə bağlı hərəkətə keçib.
Turkustan.az xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, İsrail Təhlükəsizlik Kabineti iyulun 7-də keçirilən iclasda ABŞ və Türkiyə arasında F-35 qırıcıları ilə bağlı aparılan danışıqlar barədə məlumatlandırılıb.
Məlumata əsasən, Təl-Əviv hökuməti uzun müddətdir ABŞ-ın Türkiyəyə F-35 təyyarələri verməsinin qarşısını almağa çalışır. Lakin bu cəhdin nəticə vermədiyi halda, İsrail ən azı təyyarələrin daha məhdud imkanlara malik versiyalarının Türkiyəyə təqdim olunmasını təmin etməyə çalışır.
İsrail rəsmilərindən biri bildirib ki, Tramp təyyarələrin təhvil verilməsindən əvvəl müəyyən şərtlər irəli sürə bilər. O, İsrailin hava üstünlüyünü qoruyacağına əmin olduğunu qeyd edib və danışıqlar prosesinə təsir göstərməyə çalışdıqlarını vurğulayıb.
"Bu təyyarənin bir çox versiyası var və biz prosesə mümkün qədər təsir göstərməyə çalışırıq", – deyə rəsmi bildirib.
Digər İsrail rəsmisi isə razılaşmanın hələ yekunlaşmadığını deyib. Onun sözlərinə görə, Netanyahu gələn həftə ABŞ-a səfəri zamanı bu məsələni Trampla müzakirə edə bilər.
Aytən Yaşar/ Turkustan.az