4 aydır nə görüntüsü var, nə də səsi – Müctəba Xamenei ilə bağlı MÜƏMMA


İranın Ali Rəhbəri Əli Xameneinin oğlu Müctəba Xameneinin son dəfn mərasimində iştirak etməməsi ölkə daxilində və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Onun uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması, görüntü və səs yazılarının yayılmaması müxtəlif ehtimalları gündəmə gətirib.

Bəs Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan iddialar nə dərəcədə həqiqətə uyğundur, onun öldürüldüyü və ya vəfat etdiyi ehtimalı varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Müctəba Xameneinin dəfn mərasimində görünməməsi onun vəfat etməsi ilə deyil, ağır sağlamlıq vəziyyəti ilə əlaqədar ola bilər.

Taleh Əliyev

Politoloqun sözlərinə görə, Əli Xameneinin dəfn mərasiminin uzun müddət təxirə salınmasının əsas səbəblərindən biri yeni ali lider kimi göstərilən Müctəba Xameneinin mərasimdə iştirakının gözlənilməsi idi:

“Əslində, Əli Xameneinin dəfninin bu qədər yubadılması yeni lider kimi təqdim olunan Müctəba Xameneinin mərasimdə iştirak edə bilməsi ilə bağlı idi. Ancaq görünür, onun sağlamlıq durumu o qədər kritikdir ki, ictimaiyyət qarşısına çıxacaq vəziyyətdə olmayıb və buna görə də dəfn mərasiminə qatıla bilməyib.”

Taleh Əliyev hesab edir ki, İranın dəfn mərasimini dörd ay sonra keçirmək qərarı həm də siyasi və ideoloji məqsədlərlə bağlı olub:

“Mənə elə gəlir ki, ABŞ ilə əldə olunmuş müəyyən razılaşmalar fonunda İran bu dəfn mərasimini geniş ideoloji təbliğat vasitəsinə çevirmək imkanı qazandığını düşündü. Buna görə də yeni liderin iştirakı olmadan belə mərasimi keçirməyə qərar verdilər.”

Politoloq Müctəba Xameneinin öldüyü barədə yayılan iddiaları inandırıcı hesab etmədiyini vurğulayıb:

“Düşünmürəm ki, Müctəba Xamenei vəfat edib. Sadəcə, onun sağlamlıq vəziyyəti son dərəcə ağırdır. Son dörd ay ərzində nə səs yazısı, nə də görüntüsü yayımlanıb. Hətta atasının dəfn mərasimində və digər ailə üzvlərinin tədbirlərində də iştirak etməyib. Bütün bunlar onun sağlamlıq durumunun olduqca kritik olduğunu göstərir.”

Politoloqun fikrincə, hazırkı mərhələdə Müctəba Xameneinin öldüyünü təsdiqləyən etibarlı fakt yoxdur və onun ictimaiyyətdən uzaq qalmasının əsas səbəbi səhhəti ilə bağlı problemlər ola bilər.


MANŞET XƏBƏRLƏRİ