Zelenskinin “Rusiya məğlub oldu” mesajının arxasında dayanan gerçək – İki məqam


Rusiya ilə Ukrayna arasında baş verən son proseslər diqqət çəkməkdə davam edir. Belə ki, Rusiya Konstantinovka şəhərində həlak olmuş ukraynalı hərbçilərin meyitlərinin təhvil verilməsi üçün iyulun 6-da müəyyən saatlar ərzində atəşin dayandırılmasını təklif edib. Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Qara dənizdə məğlub olduğunu bildirərək, Qara və Azov dənizinin artıq Rusiya üçün təhlükəsiz zona olmayacağını bəyan edib.

Zelenskinin sensasion açıqlaması nə dərəcədə realdır? Bu, həqiqətən də Rusiyanın məğlubiyyəti deməkdir?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu açıqlama daha çox hərbi-siyasi və psixoloji mesaj xarakteri daşıyır:

“Son illərdə Ukrayna dəniz pilotsuz aparatları, uzaqmənzilli raketlər və digər zərbə vasitələri ilə Rusiyanın Qara dənizdəki fəaliyyətini xeyli məhdudlaşdırmağa nail olub. Rusiya donanmasının bir hissəsinin Krımdan Novorossiysk istiqamətinə çəkilməsi, Ukraynanın taxıl dəhlizini müəyyən qədər bərpa etməsi və Qara dənizdə Rusiyanın əvvəlki kimi sərbəst hərəkət edə bilməməsi Kiyevin əlini gücləndirən amillərdir. Lakin bu, Rusiyanın Qara dənizdə tam məğlub olduğu anlamına gəlmir. Rusiya hələ də bölgədə güclü hərbi-dəniz imkanlarına, raket zərbə potensialına və hava üstünlüyünün müəyyən elementlərinə malikdir”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, Moskvanın müvəqqəti atəşkəs təklif etməsi tərəflər arasında humanitar məsələlər üzrə məhdud əməkdaşlıq imkanlarının tamamilə aradan qalxmadığını göstərir:

“Lakin bu cür addımlar müharibənin ümumi gedişini dəyişdirəcək strateji dönüş nöqtəsi hesab edilə bilməz. Hazırkı mərhələdə Qara dəniz uğrunda mübarizə davam edir və Kiyev Moskvanın hərəkət azadlığını məhdudlaşdırsa da, Rusiyanın bölgədə hərbi mövcudluğu və təsir imkanları hələ də qalmaqdadır. Buna görə də Zelenskinin bəyanatını daha çox siyasi iradə nümayişi və informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirmək daha doğru olar”.


MANŞET XƏBƏRLƏRİ