Azərbaycanda Atatürk Mərkəzində mərhum professor Valeh Hacıların müəllifi olduğu "Borçalı Mehralı bəy tarixi həqiqətlərdə" kitabının latın qrafikalı yeni nəşrinin təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunan "Türk Dünyası Həftəsi" çərçivəsində baş tutub. Təqdimatda Türkiyə, Qırğızıstan və Azərbaycandan olan alimlər, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri - Türkiyənin Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu, Ankara Universitetinin professorları Sema Barutçu Özönder ve Rıza Heyət, İstanbul Universitetinin professorları Mahir Aydın və Mustafa Tanrıverdi, Marmara Universitetinin professorları Gülşən Seyhan Alışık, Serdar Oğuzhan Çayçıoğlu və Mehdi Gəncəli, Hacəttəpə Universitetinin professoru Yunus Koç, Qars Kafkas Universitetinin professoru Hacalı Nəcəfoğlu, yazıçı-publisist Dr. Orxan Aras, Qırğızıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun professoru Kadırali Konkobayev, Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Gökhan Seyhan, eləcə də Azərbaycanın tanınmış alim və ziyalıları, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, kitab təkcə Mehralı bəyin həyat yolunu deyil, həm də XIX əsrdə bölgədə baş verən tarixi prosesləri əks etdirən mühüm elmi araşdırmadır. O, professor Valeh Hacıların uzun illər apardığı araşdırmalar nəticəsində ərsəyə gələn əsərin tarixşünaslıq üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Mərasimdə çıxış edən alim və ziyalılar Mehralı bəyin Azərbaycan və Osmanlı tarixindəki xidmətlərindən söz açaraq onun şəxsiyyətinin daha geniş tanıdılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, tarixi mənbələrə əsaslanan bu nəşr gələcək tədqiqatlar üçün də etibarlı istinad mənbələrindən biridir.
Çıxışlarda professor Valeh Hacıların türk dünyasının ortaq tarixi irsinin araşdırılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, müəllifin zəngin elmi irsi tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə iştirak edən xarici alimlər də kitabın tarixi faktlara söykənən sanballı araşdırma olduğunu bildirərək, Mehralı bəy kimi tarixi şəxsiyyətlərin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.
Qeyd edək ki, Borçalı mahalının Darvaz kəndində doğulan Mehralı bəy 1877–1878-ci illər Osmanlı–Rusiya müharibəsində könüllü süvari dəstəsinə rəhbərlik edib, Qars və Ərzurumun müdafiəsində iştirak edib. Göstərdiyi igidliyə görə Osmanlı sultanı tərəfindən Məcidiyyə nişanı ilə təltif olunan Mehralı bəy sonradan Həmidiyyə alayına komandanlıq edib və Yəməndə gedən döyüşlər zamanı şəhid olub.
Xatırladaq ki, "Borçalı Mehralı bəy tarixi həqiqətlərdə" əsəri ilk dəfə 2001-ci ildə Tbilisidə kiril qrafikası ilə çap edilib. Atatürk Mərkəzinin təşəbbüsü ilə nəşr olunan yeni variant isə latın qrafikalı Azərbaycan əlifbasında yenidən nəşr edilərək oxucuların istifadəsinə verilib.
