Ankara 7–8 iyul tarixlərində keçiriləcək NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısına ev sahibliyi etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki,NATO-nun gələcəyi və qlobal təhlükəsizlik gündəliyi baxımından böyük əhəmiyyət daşıyan sammitdə 32 dövlət və hökumət başçısı, həmçinin xarici işlər və müdafiə nazirləri iştirak edəcəklər.
NATO-ya üzv ölkələrlə yanaşı, AP4 adlandırılan tərəfdaş dövlətlərin – Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın nümayəndələri də sammitə qatılacaqlar. Görüşdə Avro-Atlantik və Hind-Sakit okean regionlarının təhlükəsizlik gündəliyi, eləcə də qlobal çağırışlar müzakirə olunacaq.
Zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Trampın da Ankaraya səfəri gözlənilir. Bu, Türkiyəyə 17 ildən sonra ABŞ prezidentinin ilk səfəri olacaq. Ankaraya sonuncu rəsmi səfər edən ABŞ prezidenti Barak Obama olub. O, 2009-cu ilin aprelində Türkiyədə səfərdə olmuşdu.
Məlumata görə, Donald Tramp sammit çərçivəsində qısa görüşlə kifayətlənmək əvəzinə, geniş nümayəndə heyəti ilə rəsmi səfər etməyə üstünlük verib.
Prezident Kompleksində keçiriləcək rəsmi qarşılanma mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp əvvəlcə təkbətək görüş keçirəcəklər. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutacaq.
İki lider arasında görüşdə regional hadisələr də əsas mövzu olacaq. Müzakirə edilməsi gözlənilən mövzular arasında Suriyanın yenidən qurulması, terrorizmə qarşı mübarizə, Rusiya-Ukrayna müharibəsində sülh təşəbbüsləri, Qəzzanın yenidən qurulması və İsrailin atəşkəs rejimini pozmasının qarşısının alınması tədbirləri yer alır.
Xəbərdəki məlumata görə, ABŞ-da yerləşən FETÖ liderlərinin fəaliyyəti və onların ekstradisiya prosesləri də müzakirə mövzuları arasında olacaq.
AYtən Yaşar/ Turkustan.az