“Bu gün Ümumdünya Şəhərsalma Forumunda iştirak etmək və böhranlardan sonra bərpa və fəlakətlərin nəticələrinin aradan qaldırılması prosesində mənzilin rolu ilə bağlı bu mühüm müzakirəyə töhfə vermək mənim üçün böyük şərəfdir”.
Turkustan.az xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində çıxışı zamanı deyib.
O, ilk növbədə, UN-Habitat təşkilatına, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və bütün tərəfdaşlara təşəkkür edib:
“Onlar böhranlardan sonra yalnız şəhərləri deyil, insanların həyatını, icmaları və ümidləri necə yenidən qurmaq məsələsini müzakirə edə biləcəyimiz bir platforma yaradıblar. Azərbaycan üçün bu məsələ olduqca şəxsi və həssasdır.
Təxminən 30 il ərzində məcburi köçkünlər bir gün öz evlərinə və icmalarına qayıtmaq ümidi ilə yaşayıblar. Azad edilmiş ərazilərdə bütöv şəhər və kəndlər dağıdılıb. Dağıntının miqyası viran qalmış şəhər mənzərələri və çökmüş ictimai sistemlərlə nəticələnib.
Lakin yenidənqurma yalnız daş və betondan ibarət deyil. Bərpa prosesi insanlar öz doğma torpaqlarında yenidən gələcək təsəvvür edə bildikləri zaman başlayır”.
E.Hüseynov bildirib ki, bu gün Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir:
“Bərpa və yenidənqurma işləri üçün artıq əhəmiyyətli maliyyə resursları ayrılıb. Mənim təmsil etdiyim Ağdam, Füzuli və Xocavənd rayonlarında biz şəhər və kəndləri sıfırdan qururuq. Bu proses dayanıqlılıq, inklüzivlik və davamlı inkişaf prinsiplərinə əsaslanır. Bizim yanaşmamız bir əsas prinsipə söykənir: mənzil təminatı hər şeydən əvvəl gəlməlidir. Çünki mənzil insanlara ləyaqət, sabitlik və inam qaytarır”./Globalinfo.az