Onlayn qumar sürətlə yayılır – Nə etməli?


Qumar və mərc oyunlarının gənclər arasında yayılmasının əsas səbəblərindən biri onların sosial şəbəkələrdə aktiv olmasıdır. Z və Alfa nəsli onlayn platformalardan çox istifadə etdiyi üçün həm faydalı, həm də riskli imkanlarla qarşılaşır. Təəssüf ki, sosial şəbəkələr bəzi hallarda gənclərin qumar və mərc oyunlarına cəlb olunmasını asanlaşdırır və onların günün böyük hissəsini bu platformalarda keçirməsi riski bu kimi halları daha da artırır.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev onlayn qumarın gənclər arasında sürətlə yayılması barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu cür oyunlarla məşğul olmaq qanunvericiliyə əsasən inzibati və ya cinayət məsuliyyəti yarada bilər:

“Azərbaycan qanunvericiliyində bununla bağlı müvafiq normalar, o cümlədən Cinayət Məcəlləsinin 244-cü maddəsi və İnzibati Xətalar Məcəlləsinin 401 və 525-ci maddələri ilə məsuliyyət nəzərdə tutulub. Bu səbəbdən gənclərin hüquqi maarifləndirilməsi vacibdir, çünki hüquqi biliklərin az olması onları əlavə risklərə məruz qoya bilər”.

Sosioloqun fikrincə, bu halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları medianın iştirakı ilə sosial şəbəkələrdə mütəmadi monitorinqlər aparmalıdır:

“Çünki bu oyunlar həm ailə büdcəsinə zərər vurur, həm də ailədaxili münaqişələrə səbəb olur və eyni zamanda gənclər üçün ciddi risklər yaradır. Bəzi gənclərin bu səbəbdən ağır psixoloji vəziyyətə düşməsi, özlərinə qəsd etməsi halları da müşahidə olunur. Ümumilikdə, bu fəaliyyətlər gənclərin mənəvi və sosial inkişafına mənfi təsir göstərir. Buna görə də korporativ sosial məsuliyyət çərçivəsində müvafiq qurumlar, media və hüquq-mühafizə orqanları birgə şəkildə bu problemlə mübarizə aparmalıdır”.


MANŞET XƏBƏRLƏRİ