Niderland Kral Donanması elektron qarışdırma sistemlərindən təsirlənmədən fəaliyyət göstərə bilən yeni nəsil pilotsuz uçuş aparatını rəsmi şəkildə istifadəyə verib. “V-BAT” adlanan sistem GPS siqnalı olmadan və rabitə əlaqəsi kəsildikdə belə missiyasını davam etdirə bilir.
Turkustan.az xəbər verir ki, ABŞ mərkəzli Shield AI tərəfindən hazırlanan pilotsuz aparat xüsusilə intensiv elektron müharibə mühitləri üçün dizayn edilib. Sistem şaquli şəkildə havaya qalxa bildiyi üçün uçuş zolağına ehtiyac duymadan müharibə gəmilərindən, dar məkanlardan və hərəkətdə olan platformalardan havalana bilir.
Rəsmilərin sözlərinə görə, V-BAT-ın ən diqqətçəkən xüsusiyyəti GPS siqnallarının qarışdırıldığı və ya tamamilə kəsildiyi bölgələrdə işləyə bilməsidir. Müasir müharibələrdə bir çox dron elektron qarışdırıcılar səbəbindən istiqamətini itirdiyi halda, bu sistemin alternativ naviqasiya texnologiyaları sayəsində missiyasını davam etdirə bildiyi qeyd olunur.
Sınaqların Norveç sahillərində, çətin hava şəraiti və yüksək maqnit müdaxiləsinin olduğu bölgələrdə keçirildiyi bildirilib. Aparılan testlər zamanı dronun real vaxt görüntü ötürməyə davam etdiyi açıqlanıb.
Niderland donanmasının ümumilikdə 12 ədəd V-BAT sistemi satın aldığı və 8 müharibə gəmisinin bu sistemlərə uyğunlaşdırılacağı açıqlanıb. Dronun kəşfiyyat, müşahidə və hədəf müəyyənləşdirmə missiyalarında istifadə ediləcəyi bildirilib.
Təxminən 12 saatdan çox havada qala bildiyi deyilən sistemin bir operator tərəfindən eyni anda bir neçə dron kimi idarə oluna bildiyi qeyd olunur. Mütəxəssislərə görə, bu cür sistemlər gələcəkdə elektron müharibə mühitlərində kritik rol oynaya bilər.
Müdafiə mütəxəssisləri son illərdə döyüş meydanlarında elektron qarışdırıcıların istifadəsinin sürətlə artdığını bildirirlər. Xüsusilə GPS siqnallarını poza bilən “jammer” sistemləri səbəbindən klassik pilotsuz aparatların böyük hissəsinin təsirsiz hala düşə bildiyi vurğulanır.
V-BAT-ın isə rabitə bağlantısı olmadan əvvəlcədən müəyyən edilmiş missiyanı davam etdirə bilməsi səbəbindən diqqət çəkdiyi bildirilir. Ekspertlərə görə, bu texnologiya gələcəkdə dəniz əməliyyatlarında və kəşfiyyat missiyalarında daha geniş istifadə oluna bilər./Musavat.com