Bir imza bir şeir rubrikamızın bu səfərki qonağı xanım Esmira Məhiqızıdır.
Xoş gördük, xanım Məhiqızı.
Xoş gördük, yaxından və uzaqdan bizi hiss edən sənətsevərlər.
Bəli, bəli, Esmira Məhiqızı formalizmin anası!
Elə isə vaxt itirmədən, irəlidə haqqında danışacağım şeiri oxuyaq....
bir gündüz keçdi gözümdən,
bir gecə..
bir səhər keçdi, bir şəhər keçdi,
bir küçə..
gör necə keçdilər keçənlər,
köçdülər köçənlər..
səhəri itirdim, itirdim,
səhərdə şəhəri,
şəhərdə gör neçə nəfəri itirdim.
bitirdim,
bitirdim yaşamı..
yaşamda yaşılı,
yaşılda işılı.
gördüm ki, ithürən tərəflər işarır, işarır.
gördüm ki, sevincdən gözlərim yaşarır, yaşarır
ithürən tərəfə yüyürdüm,
işıqlar, hanı bəs, söylədim.
titrədi dilim-dodağım,
uçundu dizlərim.
baxdım ki, bir sürü qurd imiş,
zülmətdə yanırmış gözləri..
baxdım ki, ürəyim əlimdə
bir islaq sərçədi, sərçədi..
bir gündüz keçdi gözümdən,
bir gecə..
hələ də gecədi, gecədi
Bunu həmişə düşünmüşəm. Elə mətnlər var ki, müəllifini tanımır. Sanki ayrı-ayrı adamlardır, bir-birinə yaddırlar. Demək istəyirəm ki, müəllif şeirdəki adam olmaya da bilər. Bəlkə fərd kimi ruhu uca bir inanca söykənib, bəlkə daxilində metafizik bir dayağı var. Bu, onun öz mənəvi iqlimi, öz dünyagörüşüdür. Amma ortada bir şeir varsa, biz ancaq mətnlə üz-üzəyik. Şairin şəxsi inancını öpüb gözümüzün üstünə qoyuruq. Fikirlərimi şeirdəki estetik nizam, obrazların dili və o mətndən boylanan məna qatları əsasında quracağam. Elə bilirəm ki, ədəbi təhlil mətnin məna axtarışı ilə yanaşı, həm də onun mənasızlığa yolunu açmaqdır.
Esmira Məhiqızının yaradıcılığına da bu pəncərədən baxıram. Seçdiyim bir şeir, bir mətn onun poetikasının ana xəttini, bütöv yaradıcılıq yolunu özündə qərarlaşdırır. Məncə, Esmira xanım ədəbiyyatımızda daha çox formalist xətt üzərində dayanan, sözün quruluşuna fəlsəfi rəng qatan şairdir.
Sənət dedikdə, biz adətən varlığın gizli qatlarını, ruhun dərinliyindəki qopan tufanları, psixoloji hadisələrin addım səslərini eşidirik... Axı sənəti təkcə gözəl forma ilə ovundurmaq, onu sadəcə texniki bir oyunun cəmi hesab etməklə barışa bilmərik... Sözsüz ki, forma istər dağınıq, istərsə də süjet şəklində olsun vacibdir... amma o, daxili bədii enerji ilə yüklənməyəndə sənət öz varlıq çəkisini qurban verir, divar yazısına dönür... Küçə sənətini ifadə edir...
bir gündüz keçdi gözümdən...
bir gecə...
bir səhər keçdi...
bir şəhər keçdi...
bir küçə...
Zamanın əhəmiyyətsiz axışını görürük... ancaq onun içində nə bir varoluş qayğısı var, nə də ruhun o ağır göz yaşı... Obraz olmaq arzusunu yaşayan sözlər arxetipik qatlara enmir, yaddaşın qədim laylarına toxunmur... Sanki uşaq olmayan bir yetkinə layla oxuyurmuş kimi bir təəssürat yaradır... Burada Viktor Şklovskinin formalizminin güzgüsündə bir estetik quruluş görürük... Ritm və dilin mexanizmi özünü oda atıb yandırır... ancaq daxili konflikt, ağrı hələ hiss edilmir... Sadəcə sözlərin səsləşməsi və bu musiqinin sədaları altında ruhumuzu rəqsə dəvətə bir cəhddir...Bəlkə də bütün formalistlər belə düşünür ki; Bədiilik bir üsuldur və bu üsulun məqsədi qavrayışı dağıtmaqdır.
gör necə keçdilər keçənlər...
köçdülər köçənlər... səhəri itirdim...
itirdim...
səhərdə şəhəri...
shəhərdə gör neçə nəfəri itirdim...
Burada da bir araya gələn sözlər metafora həvəskarlığı ilə dağı tərpətməyə ürək edir... amma bunun poetik şəklini göstərə bilmir... Yenə eyni boyalar... Ölümü hiss etmədən, onu bir sevinclə, söz oyunu formasında əyninə kəfən geyindirib həzz almaq ehtirasını bürüyür... Var olmaq fəlsəfəsi itki və ruhun içində yaşayan qanlı-canlı bir obrazdır... Buradakı itirmək isə sadəcə söz oyununa, görünən bir effektə boyun əyir... Estetik bir məna qurulub... amma içində metafizik bir əlacsızlıq ürək dağlayır...
bitirdim... bitirdim yaşamı...
yaşamda yaşılı... yaşılda işılı...
Bu misraları nə qədər söküb-dağıtsaq da, bizi varlıq suallarına tərəf aparmır... Üşüyən bir qızcığazın iç-içə geyindiyi paltarlar kimi sözlər də metafora soyuğunda üşüyür... İç-içədir... Üstəgəl, semantik məna axtarsaq tapa bilmərik... Yaşamda yaşıl nə deməkdir... Qrammatik cəhətdən doğrudur, söz yoxdur... Yaşam var olmaqdır, yaşıl yaşamın rəngidir bu cür mənalandırdıqda belə, yenə məna metaforası yarımçıqdır... Açıq-aşkar görünür ki, sözlər boyadır, makiyajdır... Sözün yanaqlarını parıldadır, amma o parıltının içində epistemoloji, ontoloji bir sual yoxdur...
Ədəbiyyat insanın azadlığı və fərdi ağrısı ilə birbaşa bağlı olan ekzistensial məsələdir... Burada yaşamın bitməsi belə yaşıl və işıl kimi rəng oyunları ilə bəzədilir... Səs taktikası beyinə düşür və musiqi mənanı unutdurur... Ortada ağrının özü hiss edilmir, eləcə onun bəzəkli forması göz qamaşdırır...
ithürən tərəfə yüyürdüm...
işıqlar, hanı bəs, söylədim...
titrədi dilim-dodağım...
uçundu dizlərim...
baxdım ki, bir sürü qurd imiş...
zülmətdə yanırmış gözləri...
Şeirin misralarının yerini dəyişsək də, sintaktik quruluşu dağıtsaq da, mahiyyət eynidir... İt hürən ifadəsi bədii arxetipdir... Bu ifadə yüzlərlə şeirdə işlədilib... rənglərin yerini dəyişsək də, yenə rəngdir... Bu təsvirlər bizi metafizik boşluğa salmır... Formalist baxışda sənət, varlıq sualının cavabını estetik yaylığın altında gizlədir və bu, sadəcə gözəl mənzərədən alınan həzzdir... Qurdun gözündəki işıq belə bizi o yıxılmış qorxuyla üz-üzə qoymur, sadəcə mənzərəni tamamlayır...
baxdım ki, ürəyim əlimdə...
bir islaq sərçədi, sərçədi...
bir gündüz keçdi gözümdən...
bir gecə...
hələ də gecədi, gecədi...
Ürəyim əlimdə bir islaq sərçədir misrası rənglərin içində boğulub ölsə də, şeirin canı bu misra idi... Bu misra fəlsəfi əzab, psixoloji davranış, ruhsal etirafı obrazlaşdırır... Hey bağırır ki, Mən ekzistensial ağrıyam, məni rəngləməyin! Amma nə xeyri, o da keçdi... gecədi... Misra rənglərinə qoşulub gecənin qaranlığında boğulub ölür... Nə qədər məna axtarsaq da, qarşımızda yalnız rənglər və boyalar qaldı... Forma var, effekt var, amma o əzablı varlıq yükü yoxdur... Bu, şeiri estetik bir əşyaya baxmağa məcbur edir, amma onu bir varlıq hadisəsi edə bilmir...
Sənət insanı öz dərinliyinə atmalıdır... yoxsa o, sadəcə ustalıqla qurulmuş bir dekorasiya olmalıdır?!
Benedetto Kroçe sanki bizim ekzistensial mühakimələrimizin qanının arasına girir və bizi öz fəlsəfi süzgəcindən keçməyə məcbur edir... Əgər Kroçenin fəlsəfi şirəsini içib danışsaq, gərək etiraf edək ki, sənətin elmlə, maddi varlıqla, hətta bizim axtardığımız cazibəli həqiqətlərlə arası sərindir.
Sənət ruhun ən arxayın, ən sərbəst davranışıdır...
O hissərimizin ötəri həzzinin simgəsidir.
Amma burada incə bir məqam var... intuisiya elə ifadənin, ekspressiyanın özüdür... Sənətkar daxilindəki o sərçə pıçıltısını, o yaşıl və işıl görüntüsünü necə intuisiyadan keçiribsə, o şəkildə də kağıza tökür... Sənəti faydalı olmaqda, bizə nəsə öyrətməkdə və ya bizi mütləq ontoloji sarsıntıya salmaqda ittiham etmək, onun təbiətinə yaddır.
Sənət Aristotelin təqlidi, yəni mənəvi aşınma poeziyası olduğu kimi, Cəlaləddin Ruminin ruhun sufi ensiklopediyasını, dərviş ehtirasını yaratdığı kimi, Fyodor Dostoyevskinin ruhun qaranlıq psixologiyası olduğu kimi, Jan-Pol Sartrın fərdi kədəri, Martin Heydeggerin varoluşu olduğu kimi, sənət həm də söz boyalarının Viktor Şklovskisidir.
Beləcə, əzizlər ümidlərinizin işığında görüşək!
Müəllifə hörmətlə
Gələn görüşlərədək!