İrana qarşı uzun müddətdir səsləndirilən təhdidlər bu səhər hücumlarla nəticələnib.
Turkustan.az xəbər verir ki, paytaxt Tehranda bir neçə partlayış baş verib.
İsrailin müdafiə naziri Yisrael Katz İsrailin İrana qarşı “profilaktik müharibə” başlatdığını açıqlayıb. İranın rəsmi xəbər agentliyi paytaxtda Universitet küçəsinə raket düşdüyünü və ən azı üç partlayış səsinin eşidildiyini bildirib. Həmçinin Tehranın şimalında daha iki partlayışın baş verdiyi qeyd olunur.
Qətərdə yerləşən “Əl-Cəzirə”yə danışan ABŞ rəsmisi hücumların ABŞ və İsrailin birgə hərbi əməliyyatının tərkib hissəsi olduğunu deyib. Rəsmi şəxs əməliyyatın detalları barədə məlumat verməsə də, zərbələrin iki ölkə arasında koordinasiyalı şəkildə planlaşdırıldığını və icra edildiyini bildirib.
Bu arada İran Mülki Aviasiya İdarəsinin sözçüsü Məcid Əhəvan yayımlanan NOTAM-a (Təyyarəçilər üçün Bildiriş) əsasən ölkənin hava məkanının növbəti bildirişədək uçuşlar üçün bağlandığını açıqlayıb. Yeni qərara qədər bütün uçuş əməliyyatları dayandırılıb.
Qərarın İsrailin Tehrana endirdiyi zərbələr və paytaxtda eşidilən partlayış səslərindən sonra qəbul edildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az