“Ermənistan hökuməti Azərbaycan benzininin idxalı zamanı heç bir təsərrüfat subyektinə üstünlük verməyib”.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın Rəqabət və İstehlakçıların Maraqlarının Müdafiəsi Komitəsinin sədri Geqam Gevorkyan bildirib.
Jurnalistlər komitə sədrindən soruşublar ki, nisbətən ucuz Azərbaycan benzininin idxalı digər təsərrüfat subyektlərinin maraqlarını pozmurmu, həmçinin benzinin iki hakimiyyətə yaxın sahibkara məxsus yanacaqdoldurma məntəqələrində satılması antirəqabət mühiti yaratmırmı və hökumət tərəfindən bu şirkətlərin xeyrinə birbaşa koordinasiya olub-olmayıb?
Gevorkyan qeyd edib ki, hökumət idxalçı rolunda çıxış etmir, buna görə də kiməsə konkret olaraq benzin idxalını təklif edə bilməzdi. Söhbət yalnız Azərbaycandan benzin tədarükünün mümkünlüyündən gedir.
“Hökumət benzini alıb, sonra onu iki təsərrüfat subyektinə təklif etməyib. Sadəcə məlum olub ki, Azərbaycan benzin satmağa hazırdır. Yəni hansısa preferensiyadan söhbət gedə bilməz. Hamı bilirdi ki, biz Azərbaycanla ticarətə başlamağa çalışırıq, bu, təkcə biznes dairələrinə yox, hər bir vətəndaşa da məlum idi: gedib müqavilə bağlamaq və benzin gətirmək mümkündür”, - Gevorkyan vurğulayıb.
O əlavə edib ki, komitəv iş adamları ilə ünsiyyətdə olub, onlardan heç biri Azərbaycan benzininin idxalının satış həcmlərinə mənfi təsir göstərməsindən şikayət etmir.
“Azərbaycandan idxal olunan benzinin həcmi kifayət qədər az idi, amma qiymətə təsir göstərdi. Bu, alternativdir və alternativin mövcudluğu bazar üçün bir neçə səbəbdən mühüm əhəmiyyət daşıyır. Nəqliyyat qovşağının işləməsi bizə siqnal verir ki, Gürcüstan üzərindən yükdaşımaların dəyəri əhəmiyyətli dərəcədə azala bilər”./teleqraf