Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra vəzifəsindən getməyə hazır olduğunu bəyan edib. O, eyni zamanda, yeni Konstitusiya layihəsi referendumda qəbul edilməyəcəyi təqdirdə dərhal istefa verəcəyini bildirib. Paşinyan bu açıqlamaları parlamentdə çıxışı zamanı səsləndirib.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyan istefası ilə bağlı anonsları erməni cəmiyyətinin referendumda konstitusiya dəyişikliklərinə səs verməsini təmin etmək məqsədilə edir:
“Əslində, konstitusiya dəyişikliyinə səs verilməməsi Paşinyanın imicinə ciddi zərbə vuracaq və regionda müharibə şəraiti yarada bilər. Çünki bu halda erməni cəmiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyini bir daha nümayiş etdirəcək. Paşinyan bunun onun mövqelərini xeyli zəiflədəcəyini bilir. O, cəmiyyətə xəbərdarlıq edir ki, üç parlament seçkisində mənə səs vermisinizsə, zəhmət çəkib konstitusiya dəyişikliklərini dəstəkləyin ki, Ermənistanda sabitlik təmin olunsun və qonşularla normal münasibətlər qurula bilsin. O, səs verməyəcəkləri halda hakimiyyətdə təmsil olunmayacağını deyib”.