Avropa qüvvələri SAVAŞ MEYDANINDA – Ukrayna münaqişəsi Dünya Müharibəsinə ÇEVRİLİR...


Fransa Prezidenti Emmanuel Makronun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə verdiyi açıqlamalar geniş müzakirələrə səbəb olub. O, Milad bayramına qədər Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayan çoxmillətli koalisiyanın qüvvələrinin yerləşdirilməsinin yeni mərhələsinə keçməyi planlaşdırdığını bəyan edib.

Makron bildirib ki, Fransanın və Böyük Britaniyanın rəhbərliyilə Ukraynanı dəstəkləmək üçün Paris yaxınlığında yerləşən koalisiya qərargahı artıq bir neçə həftədir tam olaraq fəaliyyətə başlayıb. Fransa Prezidenti bu istiqamətdə fəaliyyət planı hazırladıqlarını və artıq Parisdə 60 planlaşdırma inteqratorunun işlədiyini də önə çəkib.

Qeyd edək ki, əsasən Fransa, Böyük Britaniya və Almaniyanın öncüllük etdiyi, cari ilin sentyabrında yaradılan bu koalisiyanın əsas məqsədi Ukraynada atəşkəsdən sonra təmas xəttindən müəyyən məsafədə təhlükəsizliyi təmin edəcək qüvvələrin yerləşdirilməsinə hazırlıqdır. Həmçinin bu dəstək fonunda Rusiyanın yeni təcavüz ehtimalına qarşı Ukrayna ordusunun bərpası və gücləndirilməsi də nəzərdə tutulur.

Bu əsasda da Makron Milad bayramında qüvvələrin yerləşdirilməsinin yeni mərhələsinə keçməyi planlaşdırdıqlarını diqqətə çatdırıb.

Mövcud vəziyyət isə Qərblə Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

Olmaya Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Ukrayna münaqişəsinin dünya müharibəsinə çevrilməsi ehtimalı zəifdir.

Onun fikrincə, Fransa Prezidenti Makron da daxil olmaqla Avropa liderləri Rusiya ilə açıq qarşıdurmaya cürət etməyəcəklər:

“Makron və digər Avropa siyasətçilərinin Ukraynaya böyük dəstək vəd etmələri isə sözün əsl mənasında sadəcə olaraq bir PR aksiyasıdır. Onlar Ukraynaya heç bir qoşun göndərməyəcəklər.

Sadəcə çalışırlar ki, məsələ ətrafında spekulyasiyaları gücləndirib, Rusiyaya təsir göstərsinlər. Amerika və Avropanın obyektiv mövqedən çıxış edən hərbi ekspertləri bildirirlər ki, Rusiya qarşıya qoyduğu məqsədin 80-90 faizinə çatıb.

Amerikalı hərbi ekspert Makmaster İngiltərə ordusuna baxanda onu ağlamaq tutduğunu bəyan edib. Bu etiraf onu göstərir ki, Avropa ölkələrinin heç biri güclü orduya malik deyil”.

Politoloq qeyd edir ki, Avropa sadəcə özgə əlilə Rusiyanı zəiflətməyə çalışır:

“Ukrayna cəbhəsində hazırda intensiv döyüşlərin getməməsi də Rusiyanın əksinə Avropanı zəiflətməsilə əlaqədardır. Qüvvələr nisbəti çox təzadlıdır.

Rusiyanın potensialı daha böyükdür. Hətta Rusiya bəzi potensial göstəricilərə görə Avropanı da üstələyir.

Avropanın belə vəziyyətdə özünəməxsus səfərbərlik kampaniyası keçirmələri isə imiclərinin sönük görünməməsi, işlək vəziyyətdə olduqlarına diqqət çəkmək məqsədi daşıyır. Bununla guya hər hansı bir strategiya işlədiklərini, amma hələ onu reallaşdırmağa tələsmədiklərini ortaya qoymaq istəyirlər.

Əslində Qərb artıq vaxtı uduzub. Rusiya Ukraynanın 4 vilayətini özünə birləşdirib”.

Həmsöhbətimiz Makronun bu cür bəyanatlarına qeyri-ciddi vədlər kimi baxır:

“Bu sırf Makronun apardığı PR aksiyasıdır. Nə Makron, nə Starmer, nə də digərləri yaşanan qarşıdurmada ciddi dönüş yaratmaq iqtidarındadır. Onlar faktiki olaraq Ukraynanı qurban verirlər.

Zelenskinin də vəziyyəti təhlükəlidir. O, ölkəni tərk edib ya qaçmalı, ya da təslim olmalıdır”.


MANŞET XƏBƏRLƏRİ