BİAM təqdimat konfransı keçirib - FOTOLAR


Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM)“Böyük İdeallar – reallıqlar və perspektivlər” mövzusunda təqdimat konfransı keçirib.

Konfransda 80 nəfərə yaxın elm, təhsil nümayəndələri, müxtəlif sənət sahibləri, gənclərin qatılımı ilə maraqlı məruzələr və çıxışlar olub. Kofransın sədarəti professor Vaqif Nəsir, Nəsib Nəsibli, Tural Abasquliyev və Zəlimxan Məmmədlidən ibarət tərkibdə təşkil olunub.

Turkustan.az xəbər verir ki, professor Nəsib Nəsibli “Milli idealların formalaşmasında milli kimlik və milli şüurun yeri” mövzusunda məruzə edib. O, məruzəsində milli idealların toplumsal gücə çevrilməsi və idealların dayanıqlılığı üçün milli kimliyin və milli şüurun yetkin olmasından, bu hədəflərə çatmaq yollarından və maneələrdən danışıb.

İkinci məruzəni “Milli idealların fəlsəfi və strateji çərçivəsi” mövzusunda Zəlimxan Məmmədli edib. O, milli idealların formalaşmasının tarixi köklərindən fəlsəfi sütunlarından, onun fəlsəfi tərkib elementlərindən, ədalət, azadlıq, milli həmrəylik, mənəvi mükəmməlliyə gedən yoldan, strateji olan dövlətçilik, milli təhlükəsizlik, intellektual səviyyənin və mənəvi dünyanın yüksəlişindən, universal dəyərlərə sədaqətdən söhbət açıb.

Hüquqşünas Adil Minbaşı, türkoloq Seyfəddin Altaylı, gənc pedeqoq-təşkilatçı Tural Abasquliyev, filoloqlar Şölə Zərgərova, Güllü Seyidli, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, iqtisadçı Xalidə Məmmədli və digərləri məruzə ətrafında maraqlı çıxışlar ediblər.

“Böyük İdeallar – reallıqlar və perspektivlər” mövzusunda konfransın bəyannaməsi qəbul edilib. Bəyannamədə aşağıdakılar yer alıb:

1.Milli kimlik və yaddaş

İnanırıq ki, dilimiz, tariximiz və mədəniyyətimiz milli idealın bünövrəsidir. Hər bir azərbaycan vətəndaşı və müxtəlif coğrafiyalarda məskunlaşan soydaşlarımız bu dəyərləri qorumalı, onları gələcək nəsillərə ötürməlidir.

2.Dövlətçilik və suverenlik

Müstəqillik bizim üçün sadəcə siyasi status deyil, milli varlığımızın təminatıdır. Dövlətçiliyi qorumaq, milli maraqları üstün tutmaq və Azərbaycanı bölgədə güclü söz sahibinə çevirmək əsas məqsədimizdir.

3.Sosial və iqtisadi İdeallar

İqtisadi güc milli gücün təməlidir. Ədalətli sosial mühit, rifah cəmiyyəti və innovasiyalara açıq inkişaf modeli – milli idealın ayrılmaz hissəsidir.

4.Mənəvi və dini dəyərlər

Mənəviyyat və əxlaq, milli həmrəylik və vicdan birliyi olmadan böyük ideallar reallaşa bilməz. Ənənələrimizi müasir çağırışlarla uzlaşdırmaq milli borcumuzdur.

5.Türk Dünyası və qlobal perspektivlər

Azərbaycan tək deyil – biz böyük Türk dünyasının ayrılmaz parçasıyıq. Həm türk birliyi, həm də dünya miqyasında ədalətli əməkdaşlıq bizim strateji idealımızdır.

6.Çağırış

Biz xalqımızı və bütün düşünən beyinləri bir daha böyük ideallara inanmağa, onları qorumağa və gerçəkləşdirməyə çağırırıq.

BİAM bəyan edib ki, milli ideallar yalnız elmi müzakirə mövzusu deyil, həm də ictimai hərəkətin əsas ruhudur.


MANŞET XƏBƏRLƏRİ