Bu ölkə Azərbaycanın müdafiəsinə qalxdı – Rusiyaya nota verdi


Litva Rusiyaya nota göndərərək Ukraynaya qarşı raket hücumlarını və nəticədə Kiyevdə Azərbaycanın səfirliyinə dəyən ziyanı kəskin şəkildə pisləyib.

Turkustan.az-ın məlumatına görə, bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vilnüs bildirib ki, 14 noyabrda Rusiya tərəfindən endirilən raket zərbəsi Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan vurub. Litva bu hadisəni Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib.

“14 noyabr hücumu zamanı Rusiya raketi Azərbaycanın Kiyevdəki səfirliyinə dəyib. Bu, diplomatik nümayəndəliklərin toxunulmazlığına qarşı açıq təcavüz və Vyana Konvensiyasının ciddi şəkildə pozulmasıdır. Litva Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan diplomatik nümayəndələri ilə tam həmrəyliyini ifadə edir”, -rəsmi bəyanatda qeyd olunur.

Litva XİN Rusiyanın davamlı raket hücumlarını beynəlxalq hüquqa zidd hesab etdiyini və bu cür addımların regional təhlükəsizliyi daha da gərginləşdirdiyini vurğulayıb. Baltik ölkəsi həm Ukrayna, həm də Azərbaycanla tam həmrəylik nümayiş etdirdiyini bir daha bəyan edib./modern.az


MANŞET XƏBƏRLƏRİ