Nyu-Yorkun yeni meri BCM-nın Netanyahu ilə bağlı qərarlarını icra edəcəyini bildirir.
Turkustan.az xəbər verir ki, ABŞ-da Nyu-York meri seçkilərində qalib gələn Demokrat namizəd Zohran Mamdani Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahuya qarşı çıxardığı həbs qərarlarını icra edəcəyini açıqlayıb.
Los-Ancelesdə fəaliyyət göstərən ABC7 televiziya kanalının “Up Close” proqramına müsahibəsində Mamdani Nyu-Yorkun hazırkı meri Erik Adamsın İsrail səfəri zamanı Netanyahu ilə görüşünə münasibət bildirib.
O vurğulayıb ki, bu görüş Nyu-Yorkun “təcili sosial-iqtisadi problemləri ilə simvolik xarici siyasət jestləri arasındakı əlaqənin qırıldığını” göstərir. Mamdaninin sözlərinə görə, şəhərin sakinləri artan yaşayış xərclərinə görə Nyu-Yorku tərk etmə ərəfəsindədirlər:
“Ancaq onun (Erik Adamsın) atdığı bu addımların, xüsusilə də belə bir görüşün, şəhərdəki əlverişlilik böhranı ilə heç bir əlaqəsi yoxdur”, – deyə Mamdani bildirib.
Aytən Yaşar/ Turkustan.az