Bakıda taksi qiymətlərində fantastik artım – RƏQƏM


Heydər Əliyev Beynəlxalq Aeroportunda bir aydan çoxdur davam edən taksi problemi yenidən gündəmə gəlib. Sərnişinlər bildirirlər ki, məkana ekonom tariflə rahat və normal qiymətə getmək mümkün olduğu halda, qayıdanda qiymətlər bir neçə dəfə şişirdilir. Tətbiqlərin aeroport ərazisində bloklanması, süni bahalaşma və faktiki inhisarçılıq iddiaları isə həm paytaxt sakinlərini, həm də bölgələrdən gələn yüzlərlə vətəndaşı ciddi şəkildə narahat edir. Sosial şəbəkə istifadəçiləri yazırlar ki, hava limanına eyni məsafə gedişdə 12 manata başa gəlsə də, dönən zaman məbləğ 29-36 manat göstərilir.

Taksi qiymətlərinin 2-3 dəfə artması nədən qaynaqlanır? Buna kim cavabdehdir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, bəzi şirkətlər və ya sürücülər hava limanında yaşanan taksi çatışmazlığından sui-istifadə edərək qiymətləri süni şəkildə artıra bilərlər:

“Bununla yanaşı, taksi xidmətlərində tələb artdıqca qiymətlərin yüksəlməsi, tələb azaldıqda isə enməsi normal bazar prosesidir. Hazırda hava limanından şəhər mərkəzinə gediş haqqı təxminən 19 manat civarındadır, müəyyən hallarda bu məbləğ 25 manata qədər yüksələ bilir. Bu da əsasən tələbatla bağlıdır”.

Bakıda taksi qiymətlərində fantastik artım - RƏQƏM
Eldəniz Cəfərov

Ekspert xatırladıb ki, artıq bir neçə aydır Azərbaycan Hava Yolları (AZAL) aeroportda taksi fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq edib:

“Bu ərazidə hər taksinin fəaliyyət göstərməsi mümkün deyil. Yalnız xüsusi qaydalardan keçmiş, AZAL-ın müəyyən etdiyi tələblərə uyğun olan taksi şirkətləri və sürücülər xidmət göstərə bilirlər. Bəzi taksilərin qiymətləri süni şəkildə artırması ilə bağlı ötən ay Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yaydı. Bildirildi ki, sərnişinlərin şikayətlərinə əsasən qiymətlərlə bağlı müəyyən araşdırmalar aparılır”.


MANŞET XƏBƏRLƏRİ