ABŞ prezidenti Donald Tramp iki ölkə arasında “strateji müdafiə sazişi”nin imzalandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə verdiyi şam yeməyində iki ölkə arasında əlaqələrin bu səfərlə gücləndiyini qeyd edib.
Çıxışında şam yeməyinə qatılan bəzi mühüm adlardan bəhs edən Tramp həmçinin hazırda Səudiyyə Ərəbistanında çıxış edən məşhur futbolçu Cristiano Ronaldoya da iştirakına görə təşəkkür edib.
ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanının ABŞ-a verdiyi 1 trilyon dollarlıq investisiya vədinə görə Məhəmməd bin Salmana təşəkkür edib.
ABŞ prezidenti iki ölkə arasında müdafiə və hərbi sahədə imzalanan əməkdaşlıq müqavilələrini vurğulayaraq, "Bunu ilk dəfə burada elan edirəm. Biz rəsmi olaraq Səudiyyə Ərəbistanını NATO-dan kənar əsas müttəfiq olaraq təyin edirik. Bu, onlar üçün çox əhəmiyyətli bir şeydir" dedi.
Səudiyyə Ərəbistanının ABŞ-dan təxminən 140 milyard dollar dəyərində silah, sursat və müdafiə xidmətləri alacağını bildirən Tramp bunun minlərlə amerikalı üçün yeni iş yerləri yaradacağını və bu investisiya vədindən çox məmnun olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az