ABŞ gələcəyin qırıcısını sınaqdan ÇIXARIR


Amerikanın aerokosmik nəhəngi "Boeing" 2028-ci ildə altıncı nəsil "F-47" qırıcı təyyarəsinin ilk uçuş sınaqlarına başlayacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı "Defense, Space & Security" bölməsinin rəhbəri Stiv Parker "Dubai Airshowd"a verib.

O bildirib ki, "Next Generation Air Dominance" (NGAD) proqramı çərçivəsində hazırlanmış təyyarə artıq istehsal mərhələsindədir. ABŞ Hərbi Hava Qüvvələrinin planına görə, ən azı 185 belə təyyarənin alınması nəzərdə tutulur.

"F-47"in texniki detalları hələ açıqlanmasa da, məlumdur ki, qırıcının döyüş radiusu 1,6 mindən çox km, maksimum sürəti isə 2 Maх-dan yuxarı (təxminən 2 248 km/saat) olacaq.

Qırıcı təyyarə təkmilləşdirilmiş stealth xüsusiyyətləri ilə təchiz ediləcək və qarşı cəbhədə dron qruplarının idarə olunmasında əsas element rolunu oynayacaq.

NGAD proqramı yalnız altıncı nəsil pilotlu qırıcı ilə məhdudlaşmır. Proqram çərçivəsində döyüş dəstəyi dronları, yeni taktiki raketlər (AIM-260) və bir sıra potensial olaraq gizli layihələr hazırlanır. Mart ayında ABŞ prezidenti Donald Tramp "F-47" üzərində işlərin artıq bir neçə ildir davam etdiyini açıqlayıb və təyyarənin sürət, manevr qabiliyyəti və silahlandırma imkanlarının əhəmiyyətli üstünlüklər təşkil etdiyini vurğulayıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ