Türkiyə və İsrail üz-üzə: Qəzzaya görə iki ölkə arasında gərginlik artır - ŞƏRH


Türkiyə və İsrail arasında münasibətlər yenidən gərginləşib. Qəzza zolağında davam edən humanitar böhran və Suriya məsələsinə dair fikir ayrılıqları iki ölkə arasında diplomatik soyuqluğu dərinləşdirib.

Ankara bölgədə sülhün və sabitliyin təmin olunması üçün atəşkəsə dəstək verir və humanitar yardımları davam etdirir. İsrail isə Türkiyənin artan regional təsirindən narahatdır və sərt mövqeyini qoruyur. Bu vəziyyət, Yaxın Şərqdə yeni siyasi qarşıdurma riskini gündəmə gətirir.

Maraqlıdır görəsən bu məsələlərə görə Türkiyə İsrail üz-üzə gələ bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə:

Məhəmməd Əsədullazadə

Türkiyə və İsrail arasında Qəzza və Suriya məsələləri ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. İsrail Türkiyənin bölgədəki siyasi mövqeyini zəiflətmək və regional təsir dairəsini məhdudlaşdırmaq üçün sərt mövqe nümayiş etdirir. Lakin Türkiyə geri çəkilmək niyyətində deyil. Ankara Qəzza zolağında atəşkəsin təmin olunması və bölgədə siyasi nizamın formalaşmasında mühüm rol oynayır.

Bu vəziyyətdə Türkiyə Suriya məsələlərini İsraillə deyil, birbaşa ABŞ-la müzakirə etməyə üstünlük verir. Çünki ABŞ-ın dəstəyi olmadan İsrailin regionda ciddi addımlar atması mümkün deyil.

Donald Tramp da çıxışlarında Türkiyənin Qəzza məsələsində və regional sabitliyin qorunmasında əhəmiyyətli rolunu vurğulayıb.
Eyni zamanda, İsrailin radikal hökuməti bölgədə qeyri-sabitliyin davam etməsində maraqlıdır.

Bu qeyri-sabitlik, həm daxili korrupsiya iddialarından yayınmaq həm də mövcud hakimiyyəti qorumaq məqsədi daşıyır. Nəticə etibarilə, İsrail Türkiyə ilə siyasi gərginlik yaratmağa və Ankara-nı regional səviyyədə təzyiq altında saxlamağa çalışır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ