"Türkiyə olaraq Suriyanın yenidən xaos bölgəsinə çevrilməsinə dözə bilmərik".
Turkustan.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) təşkil etdiyi “Bir ildən sonra Suriya: Bərpa və Yenidənqurma” konfransında çıxış edib.
Nazir Fidan Suriyada qarşıdurmaların, dağıntıların və yerdəyişmələrin qarşısını almaq üçün Türkiyənin Rusiya və İranla birlikdə Astana prosesinin təşəbbüskarı olduğunu xatırladaraq qeyd edib:
“Bu proses diplomatik baxımdan həqiqətən nümunəvidir. Münaqişədə tərəf olan və onlara dəstək göstərən qüvvələrin bir araya gələrək anlaşması və münaqişənin qarşısının alınmasına fokuslanması həmin prosesin praktik nəticələr verməsinə xidmət etdi.”
Fidan bildirib ki, Astana prosesi çərçivəsində xüsusən Suriyanın şimalında müxalifətin nəzarət etdiyi xətt boyunca təhlükəsizlik zonası yaradılıb və heç bir tərəfin həmin xətti keçməsinə imkan verilməyib. Bununla yanaşı, müxalifətin cənuba — deeskalasiya zonasına doğru irəliləməsi təmin edilib.
Nazir həmçinin vurğulayıb:
“Prezidentimizin və cənab Putinin apardığı lider diplomatiyası burada qeyri-adi rol oynadı. Mən o dövrdə MİT-də idim; keçirilən görüşlər, qəbul edilən qərarlar, onların icrası və tərəflərin müəyyən xəttdə saxlanılması Suriyada daha genişmiqyaslı münaqişənin qarşısını almaq baxımından son dərəcə vacib idi.”
Aytən Yaşar/ Turkustan.az