Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev 2500 manata qədər maaş alanların gəlir vergisinin 14%-dən 7%-ə salındığını bildirib.
Bu güzəştdən hansı sahədə çalışan şəxslərin yararlanacağı, həm özəl, həm də dövlət işçilərinə şamil olunub-olunmayacağı mraq doğurur. Eləcə də prosesin mərhələli olması, hansı ildə neçə faiz vergi veriləcəyi kimi məsələlər də sual yaradır.
Modern.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, əslində gələn ilin 1 yanvarında müvafiq güzəşt müddəti başa çatdığından fiziki şəxslərin gəlirləri 14% illik vergi rejiminə qayıtmalı idi:
“1 yanvar 2019-cu ildən dövlət büdcəsindən maliyyələşməyən və qeyri-neft sektorunda işləyənlərin əmək haqları 7 il ərzində gəlir vergisindən azad olunmuşdu. Belə ki, gələn ilin 1 yanvarında müvafiq güzəşt müddəti başa çatdığından fiziki şəxslərin gəlirləri 14% illik vergi rejiminə qayıtmalı idi. Amma Vergi Məcəlləsinə təklif olunmuş dəyişikliklər fiziki şəxslərdən tutulan gəlir vergisinin birbaşa 14%-ə qayıtmasının qarşısını alır və yumşaq yanaşma edilir. Belə ki, Vergi Məcəlləsinin 1-1.1-1.1-ci maddəsində nəzərdə tutlmuş gəlir vergisinin hesablanması qaydasına görə, 1 yanavar 2026-cı ildən 1 yanvar 2027-ci ilədək vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək 3%, 2500 manatdan 8 min manatadək olduqda 75 manat+2500 manatdan 8000 manatadək olan məbləğin 10%-i, 8 min manatdan çox olduqda 625 manat+ 8000 manatdan çox olan məbləğin 14%-i gəlir vergisi kimi hesablanacaq.
2027-ci ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək isə vergi tutulan aylıq gəlirin məbləği 2500 manatdək 5%, 2500 manatdan 8 min manatadək olduqda 125+ 2500 manatdan 8000 manatadək olan məbləğin 10%, 8 min manatdan çox olduqda isə 675 manat+8000 manatdan çox olan məbləğin 14% hesablanacaq. 2028-ci ilin yanvarın 1-dən sonra isə vergi tutulan saylıq gəlirin məbləği 2500 manatadək 7%, 2500 manatdan 8000 manata qədər olduqda 175manat+ 8000 manatın 10%, 8000 manatdan çox olduqda isə 14% vergiyə cəlb olunacaq. Nəzərdə tutulmuş dəyişikliklərə görə 2028-ci ildən vergi tutulan aylıq gəlirin məbləği 2500 manatın 7% olaraq qalacaq. Bu əvvəlki qaydalarda nəzərdə tutulmuş 14 %-dən 7 %-ə endirilməsi deməkdir”.

Azər Badamov qeyd edib ki, bu, həm də əməkhaqqı 2500 manata qədər olduqda cəmi 7% gəlir vergisinin tutulmasıdır:
“Biz qonşu dövlətlərdə gəlir vergisinin hesablanması qaydalarına baxanda görürük ki, 14%-dən aşağı vergi tutulan ölkə yoxdur. Azərbaycan bu vergi dərəcəsini azaltmaqla həm də 2500 manatadək əmək haqqı alan fiziki şəxslərin daha az vergi ödəməsinə imkan yaratmış olur”.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə gələn il qeyri-neft və özəl sektorda çalışanların 3% vergi verəcəyini bildirib:
“Fiziki şəxslərin gəlir vergisi ilə bağlı müəyyənləşdirilmiş güzəşt müddəti 2026-cı ilin yanvarın 1-də başa çatır. Bu 7 il ərzində özəl və qeyri-neft sektoru həmin güzəştlərdən istifadə edib. Təbii ki, güzəştlər başa çatan zamanda təklifimiz məhz mərhələli, yumşaq keçidlə bağlıydı. Praktiki olaraq, Milli Məclisə hökumət tərəfindən təqdim olunan və müzakirə edilən layihədə də mərhələli keçid nəzərdə tutulub. Gələn ildən etibarən özəl və qeyri-neft sektorunda işləyən və 2500 manatadək maaş alanlar 3% vergi ödəyəcəklər. Dövlət sektorunda isə gəlir vergisi 14%-dir”.

Deputatın fikrincə, bu, özəl və qeyri-neft sektorunun stimullaşdırılması, dəstəklənməsi baxımından vacibdir:
“Çünki nəticə etibarilə bu, qeyri neft sektorunda sahibkarların, xüsuilə vətəndaşlarımızın xərclərinin azalmasına gətirib çıxaracaq. Mərhələli keçiddə də məqsəd ondan ibarətdir ki, izafi yük yaranmasın. İnkişaf etmiş ölkələrdə, xüsusilə də qonşu ölkələrdə gəlir vergisi yüksəkdir. Ona görə də özəl və qeyri-neft sektorunda çalışanlara dövlət sektoru ilə müqayisədə aşağı vergilərin tətbiqi özəl sektorun dəstəklənməsi ilə bağlıdır. Məhz bu, həm də gələn ildən özəl sektorda izafi xərcin yaranmasının qarşısını alacaq”.