İsrailin xarici kəşfiyyat agentliyi olan Mossad-ın yeni rəhbəri bəlli olub.
Turkustan.az xəbər verir ki, baş nazir Benyamin Netanyahu gələn ilin iyununda beş illik səlahiyyət müddətini başa vurmağa hazırlaşan Mossad direktoru David Barneanın yerinə hərbi katib general-mayor Roman Qofmanı təyin edib.
"Qofman yüksək səviyyəli zabitdir. Onun müharibənin ortasında baş nazirin hərbi katib vəzifəsinə təyin olunması onun müstəsna peşəkar bacarıqlarını nümayiş etdirdi. Vəzifəyə sürətlə daxil olmasından tutmuş, müharibənin bütün yeddi cəbhəsində diqqətəlayiq iştirakına qədər", - İsrail Baş Nazirinin ofisinin bəyanatında deyilir.
Qofmanın “Mossad başda olmaqla, bütün kəşfiyyat və təhlükəsizlik qurumları ilə davamlı koordinasiyasını davam etdirdiyi” qeyd edilən bəyanatda, “Baş nazir general-mayor Qofmanın Mossad-ın rəhbəri vəzifəsini yerinə yetirmək üçün ən bacarıqlı və uyğun namizəd olduğuna inanır və ona bu mühüm rolda böyük uğurlar arzulayır” ifadəsi işlədilib.
Aytən Yaşar/ Turkustan.az