“Bizim çox gözəl qanunlarımız var. Təəssüf ki, onlara riayət edən yoxdur. Qanunlara riayət edilsə, heç bir problem olmayacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış memar Elçin Əliyev deyib. O bildirib ki, hazırda tikinti sahəsində şəhərsalmaya aid qanunlar nəzərə alınmır:
“Binaların həyətində tez-tez rast gəlinən problem avtomobil saxlanması ilə bağlıdır. Məsələn, təktərəfli yolda maşın saxlamaq olmaz. Bunlar hamısı qanunda yazılıb. Qanunda yazılıb ki, 2 binanın arasında müəyyən məsafə olmalıdır. Amma götürüb həmin boşluqda bina tikirlər. Bunların hamısının səbəbi odur ki, biz qanunlara hörmət etmirik. Şəhərsalmaya aid qanunlar var. Amma buna riayət olunmur”.
Memar qeyd edib ki, paytaxtın bir sıra məhəllələrində həyətlərin girişində obyektlər tikilib:
“Sovet dövründən qalan binaların çox olduğu mikrorayonlara baxsaq, çox kiçik sahəsi olan məhəllələrdə hündürmərtəbəli binalar tikilib. Mən bir neçə gün bundan öncə Şəfaət Mehdiyev küçəsində oldum. Həyətlərə girişlərin demək olar ki, hamısı zəbt olunub. Girişlərdə restoranlar, avtoyuyucu obyektlər tikilib. Qanunvericiliyə görə, bu hallar yolverilməzdir. Ancaq hansısa icra hakimiyyəti səviyyəsində bunlara icazə verilir”.
E. Əliyev vurğulayıb ki, binaların sakinləri təhlükəsizlik məsələlərinə biganə yanaşmamalıdır:
“Mən sizə bir memar kimi deyim ki, binanın layihəsi təsdiqlənirsə, deməli orada bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən bu məsələyə ciddi nəzarət olunur. Deməli layihə səviyyəsində yanğın çıxışları və digər təhlükəsizlik tədbirlərinin hamısı var. Tikinti zamanı da bunların hamısı həyata keçirilir. Mümkün deyil ki, bina tikilsin, lakin orada yanğın çıxışı olmasın. Bina tikilib hazır olduqdan sonra, faktiki orada yaşayanların sərəncamına keçir. Zirzəmilərin, yanğın çıxışlarının bağlı saxlanılması yaxud işlək vəziyyətdə olmaması sakinlərin günahıdır. Binada yaşayanlar kənara çəkilir və binanı idarə edən insanlar başlayırlar zirzəmilərdən obyekt kimi istifadə etməyə. Təbii ki, bunların hamısı qanunsuzdur. Bəs orada bina sakinləri hara baxır? Sakinlər belə məsələlərdə biganə olmamalıdır”.
Xatırladaq ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı bildirib ki, çoxmərtəbəli yaşayış binasının qeydə alınan yanğına elektrik şaxtası səbəb olub. Baş vermiş hadisə köhnə və yeni tikili binaların plansız tikintisi və düzgün istismar qaydalarına riayət olunmaması məsələsini gündəmə gətirib
