50 min mükafat veriləcək müsabiqənin şərtləri açıqlandı


“Bu hələ layihə səviyyəsindədir. Yenə müzakirələr aparılacaq. Güman ki, hansısa dəyişikliklər olacaq. Təsdiqini tapdıqdan sonra işə başlanacaq və həmin mükafat ölkənin baş ədəbiyyat mükafatına çeviriləcək. Burada təqdim olunacaq kitabları nəşriyyat və ya müəllifin təqdim edəcəyi hələlik dəqiqləşməyib”.

Bunu “Yeni Sabah”a açıqlamasında yazıçı Mirmehdi Ağaoğlu deyib.

Yazıçı bildirib ki, müsabiqəyə qatılmaq üçün bir sıra şərtlər olacaq:

“Güman ki, həm müəllif, həm də nəşriyyat kitab təqdimatı edə biləcək. Bu kiçik detaldır. Əsas olan odur ki, kitab halında olan mətnlərə üstünlük veriləcək. Saytda çıxan adi yazılara əhəmiyyət verilməyəcək. Kitab halında çıxmış şeirlər, hekayələr toplusu və romanlar təqdim olunacaq. Hər müəllif yalnız bir kitabını təqdim edə biləcək”.

Gənc yazıçı Orxan Saffari isə bildirib ki, əsərlər müsabiqəyə anonim formada göndəriləcək:

“Hələki bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib. Ümumilikdə son bir il ərizində işıq üzü görən kitablar təqdim olunacaq. Ekspertlər və komissiya heyəti hələlik seçilməyib. Dəqiqləşsə belə proses gizli saxlanılacaq. Hansısa bir qəzetdə və ya jurnalda yazıçının romanı hissəli formada təqdim edilibsə, həmin mətbu orqan romanı müsabiqəyə təqdim edə bilər. Əsərlər anonim formada təqdim ediləcək. Yalnız seçilmiş siyahıya əlavə olunduqdan sonra əsərin və ya kitabın müəllifinin kimliyi məlum olacaq. Hər nəşriyyat iki kitab təqdim edə bilər. Yaş limiti yoxdur”.

Qeyd edək ki, Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək. Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr). Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.


MANŞET XƏBƏRLƏRİ