MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva filologiya elmləri doktoru, professor Elman Quliyevlə görüşüb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Elman Quliyevlə görüşüb, onu 65 illik yubileyi ilə bağlı təbrik edib.
Mədəniyyət Komitəsində baş tutan görüşdə, E.Quliyevin elm-təhsil, özəlliklə türkologiya sahəsində xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni uğurlar diləyib. Q.Paşayeva E.Quliyevin 65 illik yubileyi münasibəti ilə ona Türk dünyası motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:
“Hörmətli Elman müəllim,
Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətinizdə uğurlar diləyirəm!
Siz uzun illərdir Azərbaycan Pedaqoji Universitetində çalışır, uğurlu pedaqoji, elmi və ictimai fəaliyyət göstərirsiniz. 2004-cü ildə “Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmisiniz.
Hazırda doğma ADPU-nun “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin başçısısınız.
AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutu və Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnsitutu nəzdində fəaliyyət göstərən Dissertasiya şuralarının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüsüz.
Siz bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmisiniz, elmi əsərləriniz Türkiyə, Türkmənistan, İran, İraq, Quzey Kıprıs və b. ölkələrdə çap edilib.
Bir çox elmi araşdırma əsərlərinin müəllifisiz. İndiyədək “Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri” (1997), “Seyid Məhəmmədhüseyn Şəhriyar” (1999), “Müasir özbək ədəbiyyatı tarixi” (1999), “Heydərbabaya salam” necə varsa” (2001), “Türkiyə türk ədəbiyyatı” (2003), “Şəhriyar poeziyası və milli təkamül” (2004), “Şəhriyar poetikası” (2006, şərikli), “Özbək ədəbiyyatı” (2009), “Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri” (2010, ortaq), “Orta yüzilliklər türk xalqları ədəbiyyatı” (2010), “Şərq xalqları ədəbiyyatı” (2 cilddə; 2011), “Qədim və orta yüzilliklər türk xalqları ədəbiyyatı” (2012), “Türk xalqları ədəbiyyatı” (2009-2017) və başqa kitablarınız gün üzü görmüşdür. “Türk halkları edebiyatı” adlı kitabınız Almaniyada (2019), “Abay Kunanbayev” kitabınız Türkiyədə (Ankara, 2020) yayınlanmışdır.
Sizin ədəbiyyatşünaslıq sahəsindəki araşdırmalarınız daha çox Azərbaycan ədəbiyyatının çağdaş mərhələsini əhatə edir. Özəlliklə, Azərbaycanın Güneyində yaranan ədəbi prosesin bir sıra görkəmli şəxsiyyətlərinin yaradıcılığının öyrənilməsi bu baxımdan diqqətçəkicidir.
Türk dünyası ədəbiyyatının öyrənilməsi də sizin yaradıcılığın ən əsas xəttini təşkil edir. Ən qədim dönəmlərdən tutmuş çağdaş dönəmədək ayrı-ayrı türk xalqlarının ədəbiyyatının keçib gəldiyi yolun elmi-nəzəri mənzərəsinin yaradılması, görkəmli şəxsiyyətlərin tanıdılması sizin araşdırmaların əsasında dayanır.
Siz Azərbaycan Prezidentinin müvafiq Sərəncamları əsasında 3-cü dərəcəli “Əmək” ordeni (17.12.2021) və “Tərəqqi” (18.04.2012) medalına layiq görülmüsünüz.
Siz həmçinin TÜRKSOY-un “Yusif Xas Hacib (17.02.2017), “Molla Pənah Vaqif” (07.12.2017), “Abay – 175” (21.01. 2021) yubiley medalları ilə təltif olunmusunuz.
Sizi 65 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə bir daha təbrik edir, yeni uğurlar arzulayıram”!
Professor görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.