Azərbaycan Dillər Universitetində (ADU) Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi tərəfindən “Enerji İnnovasiyaları: İqlim Dəyişkənliyinə Dair Yeni Yanaşma” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçirilib. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova açaraq layihənin məqsədləri, ekoloji təşəbbüslərin mahiyyəti və gözlənilən nəticələri barədə ətraflı məlumat verib.
ADU-nun rektor məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı çıxışında layihənin keçirilməsi üçün ADU-nun seçilməsinə görə layihə rəhbəri Qəmzə Yusubovaya minnətdarlığını bildirib. O, COP29-dan sonrakı dövrdə bu kimi maarifləndirici layihələrin gənclər arasında keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra layihənin eksperti, alim Rasim Məmmədov mövzu ilə bağlı ən yeni elmi məqalələr, beynəlxalq təcrübə və ölkədə aparılan enerji islahatları barədə məlumat verərək öz araşdırmalarını tələbələrlə bölüşüb.
Görüş çərçivəsində Rəvan Cəfərlinin təlimçiliyi ilə nəzərdə tutulan praktiki təlim də həyata keçirilib.
Tədbirin əsas məqsədi iqlim dəyişkənliyi ilə mübarizədə enerji innovasiyalarını və ekoloji islahatları birləşdirərək sahibkarlıq mühitində dayanıqlı inkişafı təşviq etmək olub. Layihə, eyni zamanda, kənd təsərrüfatı və sənaye sahələrində, eləcə də gənclər arasında bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasını dəstəkləyərək iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyi hədəfləyir.
Görüş zamanı vurğulanıb ki, layihənin nəticəsi olaraq enerji səmərəliliyinin artırılması, gənclərin iqlim çağırışlarına innovativ həllər təklif etməsi və ekoloji düşüncənin gücləndirilməsi gözlənilir. Ümumi məqsəd dayanıqlı və ekoloji cəhətdən təmiz iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Tədbirin sonunda layihə çərçivəsində hazırlanan “Azərbaycanda Yaşıl İqtisadiyyat: İqlim Dəyişkənliyinə Dair Yeni Yanaşmalar” adlı kitabça iştirakçılara təqdim edilib.