İran ölkənin əsas mədənlərindən birində iri qızıl yatağının tapıldığını elan edib.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı "AlArabiya" yayıb.
Böyük yeni qızıl damarı Cənubi Xorasan əyalətində yerləşən özəl Şadan mədənində aşkar edilib. "Fars" agentliyi bu mədəni ölkənin ən mühüm mədənlərindən biri adlandırıb. Sənaye, Mədən və Ticarət Nazirliyi yeni ehtiyatları rəsmi şəkildə təsdiqləyib.
Hesabatda bildirilib ki, Şadan mədəninin təsdiqlənmiş ehtiyatları iri qızıl damarının aşkarlanmasından sonra əhəmiyyətli dərəcədə artıb.
KİV-lərin məlumatına görə, damarda təxminən 7,95 milyon ton oksid qızıl filizi və 53,1 milyon ton sulfid filizi var. Oksid filizlərinin adətən daha asan və daha ucuz çıxarıldığı qeyd olunur.
İran milli qızıl ehtiyatlarının həcmini rəsmi açıqlamasa da, son illərdə alışların əhəmiyyətli dərəcədə artırıldığını bildirir.
Sentyabr ayında Mərkəzi Bankın rəhbəri Məhəmmədreza Farzin məlumat verib ki, 2023–2024-cü illərdə İran dünya mərkəzi bankları arasında ən böyük beş qızıl alıcısından birinə çevrilib. Bu məlumatı "ISNA" agentliyi yayıb.
Yerli KİV-lər həmçinin mərkəzi bankın nümayəndəsi Yekta Aşrafinin sözlərini sitat gətirir. O bildirib ki, qızıl ehtiyatlarının artması beynəlxalq sanksiyaların təzyiqi altında olan ölkə iqtisadiyyatının möhkəmlənməsinə kömək edəcək.
Qeyd olunur ki, İranda hazırda 15 qızıl mədəni fəaliyyət göstərir. Onların arasında ölkənin şimal-qərbində yerləşən ən böyük Zərşuran mədəni də var.
Məqalədə vurğulanır ki, inflyasiya və rialın xroniki ucuzlaşması fonunda qızıl bir çox iranlılar üçün dəyər saxlamaq üçün azsaylı vasitələrdən biri olaraq qalır. /Qaynarinfo/