Rusiya ordusu hər gün 1100 nəfər itirir


NATO rəsmisi Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə insan itkilərinin son aylarda daha da yüksəldiyini bildirib.

Turkustan.az xəbər verir ki, “BBC Russian Service”ə danışan yüksək vəzifəli rəsmiyə görə, noyabr ayında Rusiyanın orta sutkalıq itkiləri )öldürülənlər, yaralananlar və əsir düşənlər də daxil olmaqla) təxminən 1100 nəfərə çatıb. Oktyabrda bu rəqəm 1000 nəfər idi.

Alyansın qiymətləndirməsinə əsasən, Rusiyanın müharibə başlayandan bəri öldürülən və yaralanan hərbçilərinin ümumi sayı 1,15 milyon nəfərə yaxınlaşır. NATO rəsmisinin sözlərinə görə, Moskva ordunu itkiləri kompensasiya edə biləcək sürətlə yenidən komplektləşdirə bilmir: “Onlar əsasən Moskva və Sankt-Peterburqdan uzaq bölgələrdən insan cəlb etməyə məcburdurlar.”

NATO rəsmisi, həmçinin Vladimir Putinin “Rusiya bu dəqiqə Avropa ilə döyüşə hazırdır” açıqlamasını da şərh edib. NATO-ya görə, Rusiyanın hazırkı hərbi resursları Avropa ilə genişmiqyaslı müharibədə qələbə qazanmaq üçün kifayət etmir.

NATO rəsmisi əlavə edib ki, Rusiyanın Donetsk vilayətinin qalan hissəsini ələ keçirməsi yaxın bir il ərzində real görünmür. Bu nəticə Rusiya ordusunun son aylarda aktivləşən, amma yavaş templə irəliləyən hücumlarına əsaslanır. Moskvanın məqsədinin ABŞ prezidenti Donald Trampı Ukraynaya təzyiq göstərməyə razı salmaq olduğu bildirilir.

Britaniya kəşfiyyatı yayda Rusiyanın ümumi itkilərini 1 milyon nəfərə yaxın göstərmiş, onlardan təxminən 250 mininin həlak olduğunu bildirmişdi.

Donald Tramp avqustda demişdi ki, təkcə 2025-ci ilin əvvəlindən bəri Rusiya 112 min nəfərdən çox canlı qüvvəsini itirib.

"The Economist" analitikləri isə Rusiyanın ümumi itkilərinin 900 min - 1,3 milyon arasında olduğunu yazıb. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ