Yeni ilin qeyd edilməsinin İslamda haram olub-olmaması ilə bağlı sualı hər il müzakirə mövzusuna çevrilir. Maraqlıdır, İslama görə Yeni il haramdırmı?
İlahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında bildirib ki, İslam dini sevincə, xoş günlərə və şənliyə qarşı deyil.
Onun sözlərinə görə, miladi təqvimdə ilin başlanğıcı bir çox ölkələrdə bayram kimi qeyd olunur və bu tarix Həzrət İsa Peyğəmbərin mövludu ilə üst-üstə düşdüyü üçün həm Milad, həm də Yeni il bayramı birgə qarşılanır. İslamda iki əsas – Qurban və Ramazan bayramları olsa da, digər müstəhəb bayramların qeyd edilməsində də dini baxımdan heç bir maneə yoxdur.
“Əsas şərt budur ki, həmin günlərdə küfr, fisq və günah əməllərə yol verilməsin. Əgər müsəlmanlar günaha düşmür, əksinə savab işlər görürlərsə – ehtiyacı olanlara yardım edir, uşaqları sevindirir, insanlığa xidmət göstərirlərsə, bu necə günah ola bilər?” – ilahiyyatçı bildirib.
Tural İrfan Qurandakı “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin…” (Əraf, 31) ayəsinə istinad edərək bildirir ki, Allah bəndələrinə sevinc və nemətlərdən istifadə etməyi qadağan etmir, sadəcə həddi aşmamağı tövsiyə edir.
İlahiyyatçı vurğulayıb ki, bəzi radikal qruplar müxtəlif bayramları, şənliyi, musiqini və adi həyat sevincini “haram” elan edirlər ki, bu da İslamın mahiyyətinə ziddir:
“Din yalnız qadağalardan ibarət deyil. İnsanları sevincdən məhrum etmək radikalizmə, psixoloji gərginliyə və aqressiyaya yol açır”.
İmam Əlinin “Allahı razı saldığımız hər gün bizim üçün bayramdır” sözlərini xatırladan Tural İrfan bildirib ki, insan yeni ildə yaxşı işlər görür, özü və başqalarını sevindirirsə, bu bayramın qeydində heç bir dini problem yoxdur.
Onun sözlərinə görə, yeni il əsasən xristian aləmində geniş qeyd olunsa da, Azərbaycanda da uzun illərdir ənənə kimi formalaşıb və cəmiyyətə müsbət ovqat bəxş edir:
“Harama düşməmək və dini qadağaları pozmamaq şərti ilə yeni ili qeyd etmək gözəldir”.
İlahiyyatçı müraciətini belə tamamlayır:
“İnsanın sevincinə, cəmiyyətin birliyinə, xeyirxahlığa xidmət edən heç bir şey haram ola bilməz”.
