Azərbaycanın qəbul etmədiyi təklif: Rusiya münaqişə zamanı hansı planı irəli sürmüşdü?


Rusiya 2014-2015-ci illərdə Azərbaycan və Ermənistan Prezidentlərinə keçmiş Qarabağ münaqişəsinin həlli üzrə ilk mərhələ bəyannaməsi layihəsini təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin dekabrın 2-də yayımladığı materiallar arasında 2020-ci ilə qədər münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin məzmununu əks etdirən "Rusiyanın təklif etdiyi paket" adlı sənəd də yer alır.

Bəyannaməyə əsasən, sülhün əldə olunması üçün tərəflər BMT Nizamnaməsi, Helsinkinin Yekun Aktı və beynəlxalq hüququn digər prinsiplərinə sadiqliklərini təsdiqləyirlər.

Sənəddə təklif edilir ki, Ermənistan qoşunlarının təmas xətti və bəzi işğal olunmuş ərazilərdən (7 rayon) mərhələli şəkildə çıxarılması həyata keçirilsin, bölgədə vəziyyətin sabitləşməsi üçün ATƏT-in Minsk qrupu formatında sülhməramlı missiya yerləşdirilsin, tərəflər bir-birinə qarşı güc tətbiq etməmək və danışıqların davam etdirilməsi öhdəliyi götürsünlər.

Bəyannamə layihəsində kommunikasiyalar və iqtisadi əlaqələrin bərpası, humanitar məsələlərin həlli, qaçqın və məcburi köçkünlərin geri qayıtması kimi addımların yerinə yetirilməsi nəzərdə tutulur. "Qarabağın gələcək statusunun müəyyən olunması" isə tərəflərin razılaşdırdığı siyasi prosesinin nəticəsi kimi təsvir edilir.

Rusiyanın təklifinə ABŞ və Fransa da dair rəy verərək, Minsk qrupunun həmsədrləri kimi bu təşəbbüsü dəstəkləyiblər.

Qeyd edək ki, Azərbaycan bütün münaqişə boyu davam edən danışıqlar prosesində ölkəmizin ərazi bütövlüyü və suverenliyi əleyhinə yönəlmiş heç bir təkliflə razılaşmayıb. Eləcə də Rusiyanın sözügedən təkliflər paketi ilə... Bütün bu təkliflər Bakıda status adı altında Azərbaycan ərazisində gələcəkdə partladılmaq üçün hazırlanmış mina kimi qiymətləndirilib və haqlı olaraq heç vaxt da qəbul görməyib. Prinsipial və dəyişməz mövqe sonda haqqımız olanı geri almağa zəmin yaratdı, zatən. Artıq münaqişə keçmişdə qalıb, Azərbaycan bütün ərazilərində bütövlük və suverenliyini bərpa edib. Münaqişənin həlsiz qalmasının əsas təşəbbüskalarından olan ATƏT-in Minsk qrupu ləğv edilib, işğalçı Ermənistan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edilib./teleqraf


MANŞET XƏBƏRLƏRİ