Ukrayna informasiya məkanında Prezident Vladimir Zelenskinin mümkün istefası ilə bağlı yayılan iddialar gündəmi bir daha zəbt edib.
Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk Teleqram kanalında paylaşdığı açıqlamada Zelenskinin bu həftə istefaya göndərilməsi barədə “əmr aldığını” iddia edib. Deputatın sözlərinə görə, bazar günü bu barədə məlumat verilib, lakin Zelenskinin həmin “əmrə tabe olmayacağı” və prosesin aylarla davam edə biləcəyi ehtimal edilir.
Bu iddialar hazırda Ukraynada müharibənin davam etdiyi, ölkə daxilində siyasi dinamikanın gücləndiyi bir dövrə təsadüf edir. Hələlik rəsmi mənbələr Zelenskinin istefası ilə bağlı deyilənləri nə təsdiqləyib, nə də təkzib ediblər.
Maraqlıdır görəsən, Zelenskinin istefasının real imkanı varmı və belə bir addım müharibənin gedişatına necə təsir göstərə bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov
Zelenskinin istefası ilə bağlı yayılan məlumatlar hazırda daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi görünür. Ukraynada davam edən müharibə fonunda cəmiyyətdə və siyasətdə yüklənmə artsa da, bu, hələ birbaşa istefa üçün hüquqi-siyasi zəmin yaratmır.
Zelenskinin legitimliyi həm daxili hüquqi mexanizmlər, həm də beynəlxalq tanınma baxımından qüvvədədir. ABŞ-da seçki prosesinin getməməsi də göstərir ki, yayılan söz-söhbətlər daxili siyasi tsikllə deyil, geosiyasi hesablarla bağlıdır. Qərb üçün hazırkı mərhələdə Zelenski Ukraynanı təmsil edən ən stabil siyasi fiqur olaraq qalır.
Onun istefası Ukrayna cəbhəsində koordinasiyanın zəifləməsi və qərarvermədə boşluq yarada bilər. Bu isə müharibənin gedişinə birbaşa mənfi təsir göstərən riskli ssenari kimi qiymətləndirilir. Digər tərəfdən, Qərbdə Ukraynaya dəstəyin yorulma sindromu fonunda siyasi alternativlərin axtarılması istisna edilmir. Lakin indiki mərhələdə belə bir alternativ fiqurun açıq şəkildə ortaya çıxmaması istefa ehtimalını zəiflədir. Zelenskinin postdan getməsi baş verərsə, bu, ilk növbədə Ukraynanın danışıqlar masasında mövqelərinə təsir göstərəcək.
Eyni zamanda, həmin addım Rusiya tərəfindən psixoloji və siyasi üstünlük kimi istifadə oluna bilər. Bu baxımdan Qərb paytaxtları hazırda daha çox mövcud siyasi davamlılığın qorunmasında maraqlıdır. Nəticə etibarilə, mövcud şərtlər daxilində Zelenskinin yaxın perspektivdə istefası real siyasi qərardan çox spekulyativ ehtimal təsiri bağışlayır.
Aytən Yaşar/ Turkustan.az