Hər il ölkədə yeni tədris ilindən 12 illik təhsilə keçiləcəyi ilə bağlı məlumatlar yayılır.
Hətta Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik ümumi təhsilə keçidin zəruriliyi qeyd olunub.
Ümumiyyətlə, bu barədə zaman-zaman müzakirələr aparılsa da, hələ də 12 illik təhsilə keçid edə bilməmişik. Qeyd edək ki, son vaxtlar müəllimlərin 8 saatlıq iş rejiminə keçiləcəyi ilə bağlı fikirlər səslənir. Həmin prosesdən sonra isə 12 illik təhsilə keçiləcəyi barədə məlumat yayılıb.
Bugünlərdə Elm və Təhsil Nazirliyinin yaydığı məlumata əsasən növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir. Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir: məktəbəhazırlıq mərhələsi (5 yaş); ibtidai təhsil (I-IV siniflər); ümumi orta təhsil (V-IX siniflər); tam orta təhsil (X-XI siniflər). Məlumata görə, ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir:
“Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır”.
Ümumiyyətlə, 12 illik təhsilə keçid mümkündürmü və yeni təhsil sistemi hansı imkanlar yaradacaq?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, əslində dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda 12 illik təhsilə keçilməsi o qədər də asan görünmür:
“Bəzən belə fikirlər səslənir ki, praktikada 12 illik təhsil var. Məktəbəqədər təhsil də əlavə edildikdə, bu, 12 il təşkil edir. Ancaq 12 illik tədris proqramı fərqlidir.
Məsələn, Türkiyədə 12 illik tədris mövcuddur. Biz yaxşı halda o nümunəni tətbiq etsək, ölkəmizin maddi-texniki bazamızın, ümumtəhsil məktəblərinin formatının uyğunlaşdırılmasının nə qədər vaxt aparacağı məsələsi də var. Ona görə də mən 12 illik təhsilə keçid fikrini uyğun hesab etmirəm.
Çünki bütün hallarda 12 illik təhsilə keçidlə bağlı ciddi proqram tərtib olunmalı, dərsliklər dəyişdirilməli, beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Ona görə də 12 illik təhsilə keçid sadə mexanizm kimi başa düşülməməlidir. Çox mürəkkəb və zaman tələb edən bir məsələdir”.
12 illik təhsildə uşaqların 6 yaşında təhsilə cəlb ediləcəyi məsələsinə gəldikdə isə ekspert deyir ki, hazırda orta yaşlılar 7 yaşında məktəbə gedən insanlardır:
“Ancaq zaman dəyişib. Əgər bizim kompüterdən 10 sinifdə istifadə ehtimallarımız var idisə, ali təhsil müəssisəsində görmüşdüksə, indi uşaqlar “lay-lay” əvəzinə planşet telefonlarla yuxuya gedirlər. Yaxud telefondakı əyləncəli proqramlarla uşaqların başını qatmağa çalışırlar. Yəni dünyada təhsildə erkən yaş senzinin olması ilə bağlı qəbahətli heç nə yoxdur.
Çünki görürük ki, indiki uşaqlar kifayət qədər “gözüaçıqdırlar” və texnologiya inkişaf etdikcə, informasiya texnologiyalarına daha tez adaptasiya olunurlar. Ona görə də onları özümüzlə müqayisə etməyək. Mən düşünürəm ki, 6 yaşda təhsilə bəlkə də gecikmiş sayıla bilərik. Çünki dünya ilə ayaqlaşmalıyıq. Başqa yolumuz yoxdur”.
Ekspertin fikrincə, ümumilikdə 12 illik təhsilə keçid üçün zaman lazımdır:
“Ən azından bir neçə il lazımdır ki, tədris formalaşsın, dərsliklər dəyişdirilsin, beynəlxalq təcrübə öyrənilsin. Düşünmürəm ki, yaxın 1-2 ilə bu mümkün olsun. 12 illik təhsillə razılaşmayanlar hansısa təcrübəyə əsaslandırmalıdırlar. Hər bir fikir məntiqə söykənməli, izahı olmalıdır”.