ABŞ müharibə bitəcəyi təqdirdə Rusiyanın dondurulmuş aktivlərini geri qaytarmağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Saytın məlumatına əsasən, ABŞ rəsmiləri bu barədə Avropa İttifaqının sanksiyalar üzrə nümayəndəsi Devid O’Sullivana onun yay aylarında Vaşinqtona səfəri zamanı məlumat veriblər.
Məlumata əsasən, məhz həmin görüşdən qısa müddət sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen dondurulmuş aktivlərdən "reparasiya krediti" vasitəsilə istifadə edilməsini təklif edib.
Tramp administrasiyasının hazırladığı ilkin, 28 bəndlik "sülh planı"nda Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı ayrıca müddəa vardı. Həmin maddəyə əsasən, bu aktivlərdən 100 milyard dollar Ukraynanın bərpası üçün ayrılmalı idi və bu vəsait xüsusi investisiya paketinə daxil edilməli idi.
Plana görə, istifadə olunmamış dondurulmuş vəsaitlər ABŞ-Rusiya birgə investisiya fonduna yönəldilməli idi. Lakin "Bloomberg" mənbələrinin məlumatına görə, bu hissə sənəddən çıxarılıb.