ƏHMƏD CAVAD – İstiqlal şairinin türk dünyasına və xalqına bağlı həyatı


Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların ömür yolu bir xalqın keçdiyi tarixi mərhələlərin aynasına çevrilir. Əhməd Cavad məhz belə ziyalılardandır. Onun həyatına nəzər salanda XX əsrin əvvəllərində Azərbaycanın milli oyanışını, Osmanlı imperiyasının yaşadığı sarsıntıları, Birinci Dünya müharibəsinin Qafqazda yaratdığı faciələri, İstiqlal mübarizəsini, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını və 1937-ci ilin kütləvi repressiyalarını görmək mümkündür. Şair həmin proseslərin bəzilərində bilavasitə iştirak etmiş, bəzilərini qəzet səhifələrinə daşımış, bəzilərini isə şeirlərində əbədiləşdirmişdi. O, milli düşüncənin, ictimai rəyin formalaşdığı mətbuat mühitində yetişmiş, müəllimlik etmiş, müharibədən zərər çəkmiş insanlara yardım göstərmiş, türk dünyasının mədəni əlaqələri ilə maraqlanmış, şeir, poema, hekayə ( Şükriyyə xanım onun yazdığı romanın məhv edildiyini bildirib), məqalə və tərcümələr yazmışdı. Həyatının son çağında isə bir zamanlar eyni ədəbi mühitdə çalışdığı bəzi qələm adamlarının siyasi ittihamları ilə üzləşmişdi.

1892-ci il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində dünyaya gələn Cavad Məhəmmədəli oğlu Axundzadə ilk təhsilini ailə mühitində almış, daha sonra Gəncə Ruhani Seminariyasında oxumuşdu (1906–1912) Abdulla Sur, Mirzə Abbas Abbaszadə və Hüseyn Cavid kimi müəllimlər ona dərs demişdir. Məhz Hüseyn Cavidlə yaranacaq yaxınlığın başlanğıcı bu mühitdən başlamışdı. Gəncə o illərdə milli maarifçiliyin mühüm mərkəzlərindən idi. Azərbaycan dilinin tədrisi, milli mətbuatın inkişafı, klassik ədəbiyyatın öyrənilməsi və yeni ictimai düşüncənin formalaşması ziyalıların fəaliyyətində əsas yer tuturdu. Əhməd Cavadın ədəbi dünyagörüşü də məhz belə bir mühitdə yaranmışdı. Onun ilk mətbu əsərləri arasında Lev Tolstoydan etdiyi tərcümə 1911-ci ildə çap edilib.1912-ci ildə müəllimi Abdulla Sur haqqında yazısının “İqbal” qəzetində dərc edilməsi isə gənc şairin ədəbi mühitlə əlaqələrinin artıq formalaşdığını göstərirdi. Əhməd Cavadın erkən dövr yaradıcılığında ana dili məsələsi xüsusi əhəmiyyət daşıyırdı. 1913-cü ildə yazdığı “Dilimiz” şeiri həmin dövrün milli maarifçilik düşüncəsi ilə vəhdət daşıyırdı. Ana dilini xalqın mənəvi varlığının əsaslarından biri kimi görən şair sonralar da sadə, anlaşıqlı və xalq poeziyasına yaxın ifadə tərzinə üstünlük verəcəkdi. Onun ilk şeirlər kitabının “Qoşma” adlandırılması təsadüfi deyildi. 1916-cı ildə nəşr edilən bu kitab şairin xalq poeziyası ilə əlaqəsini nümayiş etdirirdi. Qoşma, bayatı, gəraylı aşıq şeirinə xas ritm və təkrarlar onun yaradıcılığında yalnız forma elementi deyildi. Əhməd Cavad həmin ənənələr vasitəsilə müasir dövrün siyasi və mənəvi hadisələrini xalqın öz dilində sadə ifadə etməyə çalışırdı.“Qoşma” və 1919-cu ildə nəşr olunan “Dalğa” kitablarında xalq ədəbiyyatının poetik təsirini mütləq vurğulamaq lazımdır.

Əhməd Cavadın yaradıcılığını Türk dünyasından ayrı təsəvvür etmək mümkün deyil. Lakin bunu yalnız məşhur “Çırpınırdın, Qara dəniz” şeiri ilə məhdudlaşdırmaq da doğru olmaz. Şairin Osmanlı dünyasına bağlılığı onun gənclik illərindən, türk ədəbiyyatından təsirlənməsində, müharibə dövründəki xeyriyyəçilik fəaliyyətində və s. öz əksini tapmışdı. Balkan müharibələri illərində Əhməd Cavad Osmanlıya səfər edir və mürəkkəb zamanda Qafqaz könüllüləri ilə bir fəaliyyət göstərib. Bəzi mənbələrdə hətta Əhməd Cavadın İstanbulda Ziya Gökalp və Mehmet Emin Yurdakul kimi ziyalılarla görüşməsi haqqında məlumatlar da var. Əhməd Cavad Türkiyədəki Milli Ədəbiyyat hərəkatından təsirlənib.1911-ci ildə Selanikdə “Genç Kalemler” jurnalı ətrafında inkişaf edən bu hərəkat türk ədəbi dilinin sadələşdirilməsini, xalq ədəbiyyatının imkanlarından istifadəni və milli mövzulara üstünlük verilməsini müdafiə edirdi. Hərəkatın əsas simaları arasında Ziya Gökalp, Ömər Seyfəddin və Əli Canip Yöntəm vardı. Mehmet Emin Yurdakulun milli ruhlu poeziyası da həmin dövrün ədəbi düşüncəsinə ciddi təsir göstərirdi. Şairin milli düşüncəsi Azərbaycanın öz ictimai şəraitində formalaşmışdı. Onun üçün türk xalqları arasındakı mədəni bağlılıq Azərbaycan dilinin və milli kimliyinin qorunmasına zidd deyildi. Əksinə, bu iki istiqamət onun poeziyasında vəhdət daşıyırdı. 1914-cü ildə yazdığı “Çırpınırdın, Qara dəniz” şeiri bu düşüncənin ən məşhur ifadəsinə çevrildi:

“Çırpınırdın, Qara dəniz, Baxıb Türkün bayrağına!” şeirin ilk misrasındakı müraciət adi təbiət təsvirindən daha geniş fəlsəfi məna daşıyır. Qara dəniz canlı varlıq kimi tərənnüm edilir, tarixin şahidinə, xalqlar arasındakı mənəvi bağlılığın rəmzinə çevrilir. Dənizin çırpınması həm təbiətin hərəkətini, həm də dövrün siyasi mürəkkəbliyini, narahatlığını xatırladır. Türk bayrağı isə şeirdə dövlət rəmzi olmaqla yanaşı, ortaq tarixə və mədəni yaddaşa bağlılıq ifadəsidir. Əsərin təsir gücü onun sadəliyindədir. Oxucu şairin duyğusunu uzun izahlar olmadan anlayır. Əlavə olaraq şeir sonradan türk xalqlarının ortaq musiqisinə çevrildi. Dahi Üzeyir Hacıbəyov Əhməd Cavadın bu şeirinə musiqi bəstələmişdir. Mahnını ilk dəfə Türkiyədə Zeynəb Xanlarova ifa etmişdir (1969) Əhməd Cavadın Türkiyə ilə əlaqələrinin istiqamətlərindən biri Birinci Dünya müharibəsi illərindəki humanitar fəaliyyətidir. O, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti çərçivəsində Qafqaz və Anadolu bölgələrində müharibədən zərər çəkmiş əhaliyə yardım işlərində iştirak etmişdi. Türkiyəli alim Afina Barmanbayın 2024-cü ildə dərc olunmuş araşdırmasında Əhməd Cavadın Batumi, Artvin, Rizə, Trabzon, Ərdahan, Qars və Ərzurumla bağlı fəaliyyəti, həmin bölgələr haqqında qəzet yazıları və müharibənin sosial nəticələrinə münasibəti araşdırılıb. Bu məqam Əhməd Cavadın türk dünyasına bağlılığının praktik tərəfini göstərir. O, müharibə haqqında yalnız şeirlər yazmırdı. Qaçqınların, zərər çəkmiş ailələrin və yerli əhalinin problemlərini öyrənir, yardım işlərində iştirak edir və gördüklərini mətbuata çatdırırdı. Şairin “Kars heyətinin gördüyü işlərdən”, “Acara məktubları”, “Rizə və Trabzon fəlakətzədələri”, “Gürcü mətbuatı və Acara”, “Batumda müsəlman mitinqi”, “Yuxarı Acarada Cami-Şərifin açılışı” kimi yazıları həmin fəaliyyətin publisistik izləridir. Onun Türkiyə ilə əlaqəsinin sonrakı dövr üçün də maraqlı göstəricilərindən biri 1928-ci ildə İstanbulda “İstiqlal uğrunda şeirlər” kitabının nəşr edilməsidir. Bu nəşr Azərbaycan istiqlal poeziyasının Türkiyə oxucusuna çatması baxımından əhəmiyyətlidir. Əhməd Cavadın yazılarının dərc edildiyi nəşrlər arasında “İqbal”, “Yeni İqbal”, “İstiqlal”,“Açıq söz”, “Azərbaycan” qəzetləri, “Məktəb” və “Şəlalə” jurnalları həmçinin “Qurtuluş” nəşrinin də adı çəkilir. Əhməd Cavadın erkən mətbuat fəaliyyətinin nümunələri arasında “Məktəb” jurnalında 1912-ci ildə çap edilmiş “Ququriqu!”, “İqbal” qəzetində həmin il dərc olunmuş Abdulla Sur haqqında yazısı, 1913-cü ildə “Şəlalə”də işıq üzü görmüş “Müdhiş düşüncələrim” və “İqbal”da çap edilmiş “Yaralı quş” kimi əsərlər göstərmək olar. Bu nümunələr şairin hələ Cümhuriyyətdən əvvəl həm poeziya, həm də publisistika ilə məşğul olduğundan xəbər verir. Onun mətbuat fəaliyyətində ən mühüm mərhələlərdən biri “Açıq söz” qəzeti ilə bağlıdır. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə 1915-ci ilin oktyabrında nəşrə başlayan qəzet milli kimlik, siyasi hüquqlar, maarifçilik, müharibə və Qafqazın ictimai problemləri ətrafında müzakirələr aparırdı. Əhməd Cavadın bu qəzetdə dərc etdirdiyi “Acara məktubları” silsiləsi onun jurnalist kimi fəaliyyətini xüsusilə aydın göstərir. Şair Acarıstanın kəndləri, yerli əhalinin həyatı, dil və təhsil problemləri, müharibənin nəticələri haqqında yazırdı. Bu yazılarda həm müşahidə, həm də ictimai mövqe vardı. 1917-ci ildə “Açıq söz”də dərc olunmuş “Gürcü mətbuatı və Acara”, “Batumda müsəlman mitinqi”, “Batumdan”, “Rizə və Trabzon fəlakətzədələri”, “Yuxarı Acarada Cami-Şərifin açılışı” və “Batum Müsəlman Birlik Cəmiyyətindən” kimi məqalələr bölgənin ictimai-siyasi tarixini araşdırmaq üçün əhəmiyyətlidir. Əhməd Cavadın publisistikasında diqqətçəkən xüsusiyyət hadisələrin insani tərəfinə maraqdır. O, müharibənin yalnız cəbhədəki nəticələrini deyil, əhalinin gündəlik həyatına təsirini də görürdü. Yardıma ehtiyacı olan ailələr, təhsil imkanları, dil məsələləri və ictimai təşkilatlanma onun yazılarında mühüm yer tuturdu.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə şairin publisistikası və yaradıcıllığında milli dövlətçilik məsələləri daha qabarıq görünməyə başladı. “Azərbaycan” qəzetindəki yazıları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 1919-cu ildə çap olunmuş “Gəncədə istiqlal günü” məqaləsi Cümhuriyyətin birinci ildönümünün ictimai əks-sədasını, “Denikin və Gəncə” isə həmin dövrdə Azərbaycan üçün mövcud olan hərbi-siyasi təhlükələrə münasibəti əks etdirirdi. Onun 1919-cu ilin oktyabrında “Azərbaycan” qəzetində dərc olunmuş “Rövşən Əşrəf bəy” yazısı da maraq doğurur. Rövşən Əşrəf Ünaydın Türkiyənin tanınmış yazıçı və jurnalistlərindən idi. Bu yazının mövcudluğu Əhməd Cavadın Türkiyə ziyalılarının fəaliyyətini diqqətlə izlədiyini göstərir. Beləliklə, Əhməd Cavadın mətbuat fəaliyyəti üç əsas mərhələdə görünür: erkən illərdə ədəbi-maarifçi yazılar, Birinci Dünya müharibəsi zamanı humanitar və bölgə xəbərləri, Cümhuriyyət dövründə isə milli dövlətçilik və ictimai-siyasi publisistika. Rəsulzadənin rəhbərlik etdiyi “Açıq söz” qəzetində Əhməd Cavadın yazılarının çap olunması onların eyni mətbuat mühitində fəaliyyət göstərib. Qəzetin səhifələrində milli kimlik, ana dili, türk xalqlarının taleyi və siyasi hüquqlar kimi məsələlər müzakirə edilirdi. Əhməd Cavadın həmin mühitdə çıxış etməsi onun milli hərəkatın ideya dünyasına yaxınlığını göstərir. Rəsulzadə milli dövlətçilik düşüncəsini daha çox siyasi publisistika və təşkilati fəaliyyət vasitəsilə ifadə edirdi. Əhməd Cavad isə həmin idealların emosional və bədii tərəfini yaradırdı.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması bu yaxınlığı daha aydın göstərdi. Rəsulzadə Cümhuriyyətin siyasi qurucularından biri kimi tanınırdı. Əhməd Cavad isə yeni dövlətin bayrağını, müstəqillik sevincini və azadlıq düşüncəsini poeziyasında əks etdirirdi. Onların dünyagörüşündəki yaxınlıq xüsusilə milli bayrağa münasibətdə görünür. Rəsulzadənin siyasi düşüncəsində bayraq dövlət müstəqilliyinin rəmzi idi. Əhməd Cavadın “Azərbaycan bayrağına” şeirində isə həmin rəmz poetik obraz səviyyəsinə yüksəlirdi. Əhməd Cavad və Məhəmməd Əmin Rəsulzadə eyni milli istiqlal düşüncəsinin ədəbi və siyasi mühitində fəaliyyət göstərmişdilər. Əhməd Cavadın Cümhuriyyətlə bağlı yaradıcılığı 1920-ci ildən sonra ona qarşı siyasi ittihamların əsas mövzularından birinə çevrildi. 1937-ci ilin mətbuatında onun “müsavatçı” kimi təqdim edilməsi də həmin keçmişin sovet ideologiyası çərçivəsində düşmənçilik əlaməti kimi yozulduğunu göstərirdi. Əhməd Cavadın Hüseyn Cavidlə münasibətinin başlanğıcı gənclik illərinə təsadüf edir. Hüseyn Cavidlə Əhməd Cavadın yaxınlığı barədə məlumatlardan biri Şükriyyə xanımın xatirələrində qorunub. “Cavidnən çox möhkəm dost idi Cavad.”O, onların maddi çətinliklər zamanı bir-birinə kömək etdiklərini, məclislərdə yanaşı əyləşdiklərini də xatırlayırdı. Bu ifadələr dostluğun yalnız ədəbi tədbirlər çərçivəsində qalmadığını, şəxsi və ailə münasibətlərinə də keçdiyini göstərir. Hüseyn Cavidlə Əhməd Cavadın yaradıcılığında ortaq cəhətləri az deyildi. Hər iki sənətkar milli-mədəni kimlik, türk dünyasının tarixi, mənəvi azadlıq və insan taleyi məsələlərinə maraq göstərirdi. Lakin onların bədii üslubları fərqli idi. Hüseyn Cavidin yaradıcılığında fəlsəfi-romantik düşüncə, tarixi hadisələrin mənəvi mənası və insanın daxili qarşıdurmaları daha geniş yer tuturdu. Əhməd Cavad isə xalq poeziyasının ifadə imkanlarından istifadə edərək milli duyğuları daha birbaşa, lirik və emosional şəkildə çatdırırdı.1937-ci il repressiyaları hər iki şairin həyatını dəyişdi. Əhməd Cavad güllələndi, Hüseyn Cavid isə həbs edilərək sürgünə göndərildi və 1941-ci ildə vəfat etdi. Bir vaxtlar eyni təhsil və ədəbi mühitdə yolları kəsişən iki sənətkarın taleyi sovet repressiyaları tarixində də yanaşı xatırlanır. Əhməd Cavad Mikayıl Müşfiqlə də dost olub və onların arasında on altı yaş fərq vardı. Əhməd Cavadın yaradıcılığı Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl formalaşmışdı. Müşfiq isə ədəbiyyata sovet hakimiyyəti illərində gələn gənc nəslin nümayəndəsi idi. Bu fərqə baxmayaraq, onların arasında yaxın münasibət yaranmışdı. Şükriyyə xanımın xatirələrində Əhməd Cavadın Müşfiqlə olan dostluğu xatırladır. Şükriyyə xanım MirCəfər Bağırovun əvvəllər ailələrinin evinə gəldiyini, ona süfrə açdığını və Cavadla eyni məktəbdə işlədiyini xatırlayırdı. Bağırovun sonralar Azərbaycan SSR rəhbərliyində tutduğu mövqe Əhməd Cavadın repressiya taleyi ilə bağlı araşdırmalarda onun adının tez-tez çəkilməsinə səbəb olmuşdur. Şükriyyə xanım 1985-ci il müsahibəsində ərinin həbsxanada zorakılığa məruz qalması barədə başqa bir məhbus qadından eşitdiyini danışırdı. O, həmin qadının söylədiklərindən sonra zorakılığın Bağırovla bağlı olduğu qənaətinə gəldiyini bildirirdi. Şükriyyə xanımın xatirələrində Bağırovun məhkəməsi də yer tutur. O, həmin məhkəməyə şahid kimi çağırıldığını, ərinə qarşı münasibətlə bağlı bildiklərini danışdığını söyləyirdi. Bu, onun repressiyadan sonrakı illərdə də Əhməd Cavadın taleyi ilə bağlı həqiqətləri öyrənməyə və bildiklərini ifadə etməyə çalışdığını göstərir. Əhməd Cavadın həbsi daha geniş siyasi repressiya sisteminin tərkib hissəsi idi. 1930-cu illərdə Azərbaycan ziyalılarının milli keçmişi, əvvəlki siyasi əlaqələri və ədəbi yaradıcılığı təhlükəsizlik orqanlarının ittihamlarında istifadə olunurdu. Şairin Cümhuriyyət dövründəki fəaliyyəti də həmin siyasi ittihamların əsas mövzularından birinə çevrilmişdi. Əhməd Cavadın həyatının son aylarını araşdırarkən diqqətdən qaçırılmamalı məqamlardan biri onun yalnız təhlükəsizlik orqanlarının deyil, sovet ədəbi mühitində aparılan siyasi ittiham kampaniyasının da hədəfinə çevrilməsidir. 1937-ci ildə Azərbaycan Sovet Yazıçıları İttifaqının iclaslarında və dövrün qəzetlərində bir sıra yazıçılar siyasi baxımdan etibarsız şəxslər kimi təqdim edilirdi. Əhməd Cavadın Cümhuriyyət dövründə yazdığı əsərlər, milli mövqeyi və əvvəlki ədəbi əlaqələri ona qarşı ittihamların əsas mövzularından idi. Bu hadisələri araşdırmaq üçün xüsusilə qiymətli mənbə 1937-ci ilin qəzet materiallarıdır.1937-ci il martın 12-də “Kommunist” qəzetində Seyfulla Şamilovun “Ədəbiyyatda bolşevizm ideyalılığı uğrunda” adlı məqaləsi dərc edilmişdi. Müəllif Əhməd Cavadın Cümhuriyyət dövründəki yaradıcılığını kəskin siyasi ifadələrlə tənqid edir, onun milli bayrağa həsr etdiyi şeiri sovet ideologiyası baxımından düşmənçilik nümunəsi kimi təqdim edirdi. Məqalədə Əhməd Cavadın redaktorluq fəaliyyəti də ittiham obyektinə çevrilmişdi. Seyfulla Şamilov şairin Məhəmməd Hadinin şeirlərinin nəşrində dini terminə verdiyi izahı onun siyasi baxımdan etibarsızlığının göstəricisi kimi təqdim edirdi. Bu yazı həmin dövrün ideoloji yanaşmasını açıq göstərir: ədəbi əsərin məzmunu və redaktorun izahı siyasi ittiham üçün istifadə edilirdi. Mart ayında Azərbaycan Sovet Yazıçıları İttifaqının III plenumu da keçirildi. “Kommunist” qəzetinin 28 mart 1937-ci il tarixli məlumatına görə, plenumda çoxsaylı yazıçı çıxış etmişdi. Əhməd Cavadın adı həmin müzakirələrdə siyasi tənqidlərin hədəflərindən biri idi. Bu plenumun materiallarında Süleyman Rüstəmin və başqa yazıçıların adları da yer alır. 1937-ci il iyunun 4-də Əhməd Cavad həbs edildi. Ona əksinqilabi millətçi fəaliyyətdə iştirak ittihamı irəli sürüldü. Həmin ilin sonrakı aylarında ittihamlar genişləndirildi və şairin ədəbi fəaliyyəti də siyasi cinayət kimi qiymətləndirildi. 1937-ci il oktyabrın 12-də Əhməd Cavad barəsində ölüm hökmü çıxarıldı. Ertəsi gün yəni oktyabrın 13-də hökm icra edildi. Şair cəmi 45 yaşında idi (bəzi mənbələrdə özünün işgəncələr dözməyərək gecə öldüyü bildirilir.) Onun həbsi ilə ailənin faciəsi bitmədi. Şükriyyə xanım da siyasi təqiblərə məruz qaldı. O, 1985-ci il müsahibəsində ərindən boşanmaq təklifini qəbul etmədiyini (“Boşanma Cavada ölümdən də ağır olar”deyirdi), Qazaxıstanın Akmola bölgəsinə sürgün edildiyini və uzun müddət övladlarından ayrı yaşadığını danışırdı. Şükriyyə xanımın sözlərinə görə, sürgün həyatı 1938-ci ilin fevralında başlamış, 1945-ci ilin oktyabrında azadlığa çıxması ilə başa çatmışdı. Övladlar müxtəlif yerlərə göndərilmiş, ailənin maddi və mənəvi həyatı ağır zərbə almışdı. Şükriyyə xanım ərinin ölümünə uzun müddət inanmadığını, onun taleyi haqqında müxtəlif dövlət idarələrinə müraciətlər etdiyini bildirirdi. Yalnız 1955-ci ildə Əhməd Cavadın güllələnməsi haqqında yazılı məlumat aldığını söyləyirdi. Şükriyyə xanımın xatirələri Stalin dövrünün repressiyalarının yalnız həbs edilən şəxslərə deyil, onların həyat yoldaşlarına və övladlarına da necə təsir göstərdiyini anlamağa imkan verir. Onun danışdıqları ailə yaddaşı baxımından mühüm mənbədir.

Əhməd Cavadın həyatına nəzər salanda onun taleyinin təkcə bir şairin faciəsi olmadığı görünür. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının şahidi olmuş, müstəqillik və istiqlal sevincini yaşamış, ömrünün sonuna qədər şərəfli ömür sürmüş, çəkinmədən türk dünyasına rəğbət bəsləmiş qəhrəman idi. Bu gün Əhməd Cavadın həyat və yaradıcıllığı XX əsrin ictima-siyasi, ədəbi həyatının öyrənilməsi üçün önəmli və etibarlı mənbədir.

Nəcəf Nəcəfov BSU Jurnalistika ixtisası


MANŞET XƏBƏRLƏRİ